Rövşən Əkbərov dedi ki, Elçini bıçaqla vurdum – Şahid

Xəbər - Samir Əli – Trend:

Bu gün Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzerTimes-ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən, zərərçəkmiş Məzahir Şıxəliyevin qardaşı Rafiq Şıxəliyev bildirib ki, 2001-ci il iyulun 2-də ona hadisə barədə telefonla məlumat verilib: “Öyrəndim ki, Kiyevdə qardaşım döyülüb, Elçin Əliyev qətlə yetirilib. Bu hadisədən sonra qardaşım polis tərəfindən saxlanıldı. Bir neçə gündən sonra sərbəst buraxıldı”.

O bildirib ki, qardaşı 1996-cı ildən Ukraynada biznes qurub: “Elçini də oradan tanıyıb, Elçinlə birgə biznesləri də olub. Hadisə günü atamla birlikdə Elçinin valideynlərinin evinə gəldik. Orada hadisə barədə dəqiq məlumat öyrəndik. Elçinin qardaşı İdrak dedi ki, qardaşını Rövşən Əkbərov öldürüb. Bu işdə hamı Elçin Əkbərovun adını hallandırırdı”.

Prosesdə ifadə verən digər şahid, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov bildirib ki, Rövşən Əkbərovu general kimi tanıyıb, amma münasibətləri olmayıb: “İş adamı, mərhum Elçin Əliyevi isə 1994-cü ildən tanımışam, həmin vaxtlar özüm də Kiyevdə sahibkarlıqla məşğul olmuşam. Elçin Əliyevlə münasibətim yaxşı olub, ailəvi dostluq etmişik. 1995-ci ildə Bakıya gəldim, geri qayıtmadım”.

Nazim İbrahimov bildirib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin olunandan sonra bizneslə məşğul olmayıb: “Mən səfir gedəndən sonra Elçin Əliyev həm yaxın dostum, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak etdi. Hətta Elçin özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə vermişdi. Bir müddət həmin avtomobildən istifadə etdik. Sonra Bakıdan səfirliyə avtomobil göndərildi. Bundan sonra Elçinin avtomobili özünə geri qaytarıldı. Səfirliyin yerləşdiyi bina, Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında idi. Elçin Əliyevin oranı ofis kimi icarəyə götürmüşdü. Daha sonra həmin ofisin yerləşdiyi ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alındı. 2000-ci ilin avqustunda Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıtdım və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getmədim”.

Nazim İbrahimovun sözlərinə görə, 2001-ci ilin iyulun 1-də Elçin Əliyevin Kiyevdə qətlə yetirildiyini eşidib: “Mən də dostum olduğu üçün Elçin Əliyevin ailəsi ilə danışdım. Dedilər ki, meyiti kim gətirsin? Mən də bunu öz üzərimə götürdüm. Elçin Əliyevin biznes ortağı, səfir olan dövrdə tanıdığım Səməd Novruzova zəng edib Elçinin meyitinin gətirmək lazım olduğunu dedim. Səməd Novruzov təyyarəyə iki bilet aldı, biz birlikdə Ukraynaya getdik. Orada olanda əvvəlcə morqa getdim. Ekspert həkim Elçinin ürəyindən bıçaqlandığını söylədi Oradan çıxıb milis idarəsinə getdik. Elçinlə əlaqəsi olan şəxsləri dindirirdilər”.
Nazim İbrahimov bildirib ki, Kiyevdə olduğu müddətdə Qüdrət Əhmədov onunla əlaqə saxlayıb, general Rövşən Əkbərovun onunla görüşmək istədiyini deyib: “Mən də razılaşdım. Rövşən Əkbərov qaldığım “Dnepr” otelinin foyesində mənimlə görüşdü. Rövşən Əkbərov tək deyildi, yanında Qüdrət Əhmədov da var idi. Orada Rövşən Əkbərova dedim ki, hamı bu qətlin sənin tərəfindən törədildiyini danışır. Bunu Bakıda olan dövrdə də eşitdiyimi söylədim. Görüş zamanı Rövşən Əkbərov bildirib ki, hadisə baş verən gecə qonaqlıqda olublar, qonaqlıqdan sonra “Sikora” kafesinə gediblər, Elçin Əliyev və Məzahir Şıxaliyevlə bir stolda oturublar, aralarında hansısa kobud rəftara görə mübahisə yaranıb, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurub. Baş verən hadisəni mənə Rövşən Əkbərov tam danışdı. Bizim yanımızda Qüdrət Əhmədov olub və o da bizim bu söhbətimizi eşidib. Bundan sonra Rövşən Əkbərovla heç vaxt rastlaşmamışıq, onunla heç bir görüşümüz olmayıb”.

Nazim İbrahimov deyib ki, növbəti gün Elçin Əliyevi Bakı şəhərinə gətiriblər.
Sualları cavablandıran Nazim İbrahimov bildirib ki, davadan əvvəl Elçin Əliyev, Məzahir Şıxəliyev, Rövşən Əkbərovun iştirak etdiyi məclisdə generalların şərəfinə sağlıq deyilib: “Bu zaman İsgəndərovun yaxın adamı olan Məzahir Şıxəliyev deyib ki, Azərbaycanda bir general olub, o da içəridədir. O zaman Məzahir İsgəndər Həmidovu nəzərdə tutub. Mən bu söhbəti Kiyevdə olan zaman eşitdim. Görüş zamanı Rövşən Əkbərov bu barədə mənə heç bir söz demədi”.

Nazim İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, 2003-cü ildə verdiyi ifadəsini təsdiqlənməyib. Bildirib ki, həmin dövrdə ifadəsini xatırlamır.
Rövşən Əkbərovun vəkilləri Nazim İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər.

Buna həm prokuror Eldar Həmzəyev, hə də zərərçəkmiş Elçin Əliyevin ailəsinin vəkili Elçin Sadıqov etiraz ediblər. Elçin Sadıqov bildirib ki, həmin dövrdən 20 il vaxt keçib, bu səbəbdən şahidin 2021-ci ildə verdiyi ifadə həqiqəti əks etdirir.
Rövşən Əkbərov buna etiraz edib: “Vəkil deyir ki, hadisədən 20 il keçib. O zaman sual ortaya çıxır ki, hadisədən 20 il vaxt keçib, 20 ildən sonra şahidlər burada necə düzgün danışa bilərlər.

Nazim İbrahimov deyib ki, hamı Elçin Əliyevin qətlə yetirilməsində Rövşən Əkbırovun günahı olduğunu danışıb.

Bu vaxt Nazim İbrahimovla Rövşən Əkbərovun arasında mübahisə yaranıb.
Hakim tərəflərə xəbərdarlıq edəndən sonra Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması barədə qərar açıqlayıb.

Nazim İbrahimov 2003-cü ildə dindirilən zaman ifadəsində Elçin Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib.

Daha sonra şahid qismində Musaxan Əliyev və İdrak Qarayev ifadə veriblər.
Növbəti proses sentyabrın 8-də davam edəcək.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən “Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.
Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Twitter: @GuleliyevSamir

Teqlər: