Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostovdan olan müəssisələrin nümayəndələrinin ölkəmizə biznes-missiyası təşkil olunub.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a bildirilib ki, Biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostovdan olan müəssisələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. Rostovdan olan nümayəndə heyəti həmçinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Rostovdan olan nümayəndələr biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.