Dünya futbolunun ən məşhur siması, “qol kralı” hesab edilən Kriştiano Ronaldo məhkəmə qarşısına çıxıb.
Real Madrid’in portuqaliyalı müdafiəçisi vergidən yayınmaqda ittiham edilir. Onu məhkəməyə Madrid prokurorluğu verib.
İlkin məlumata görə, oyunçu məhkəmə zalında heç bir günahı olmadığını bəyan edib. “İspaniya vergi müfəttişliyi mənim bütün gəlirlərimdən xəbərdardır. Mən heç vaxt heç nəyi gizlətməmişəm və vergidən də yayınmağı düşünmürəm”. Ötən gün 1,5 saat davam edən məhkəmədən çıxan Ronaldo mətbuat nümayəndələrinə heç bir açıqlama verməyib.
Portuqaliyalı oyunçu 2011-2014-cü illərdəki gəlirləri ilə bağlı 14,75 milyon avro həcmində vergidən yayınmaqda ittiham edilir.
İspaniya Baş Prokurorluğunun məlumatına görə, futbolçu vergidən yayınmaq, gəlirlərini gizlətmək üçün 2010-cu ildə yaradılan bir şirkətdən istifadə edib. Krallığın Maliyyə Nazirliyi də bu iddaya dəstək verib. İdmançını bu ittihamlarla bağlı olaraq 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, hələ iyun ayında vergi qalmaqalına görə, Ronaldonun İspaniya klubunu tərk edəcəyi iddia edilirdi.