Martın 17-də tanınmış kanadalı geoloq Robert Stivensin
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi
ilə tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və
dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi
keçirilib.
Mərasimdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin
müavini Xəyyam Fərzəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev, Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə
Heyətinin sədrinin müavini Azər Şükürov, eləcə də geologiya və
dağ-mədən sahələrində müvafiq dövlət qurumlarının, elm və təhsil
müəssəsisələrinin rəhbər şəxsləri, qocaman geoloqlar, akademik
heyət və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xəyyam Fərzəliyev kitabın tərcümə və
çap edilməsində əsas məqsədin faydalı qazıntıların öyrənilməsi,
tədqiqi, səmərəli idarə olunması sahəsində dünya elmində baş verən
yenilikləri, əldə olunan müasir təcrübəni gənc mütəxəssislərimizə
ana dilimizdə aşılayaraq bu sahədə dövlətimizin, elm və təhsil
müəssisələrimizin həyata keçirdiyi ardıcıl fəaliyyətə töhfə vermək
olduğunu diqqətə çatdırıb.
Cəmiyyətin dağ-mədən sahəsi üzrə ali və peşə təhsilinin təşviqi,
elmi potensialın dəstəklənməsi istiqamətində həyata keçirdiyi
tədbirlərdən bəhs edən X.Fərzəliyev şirkətin bundan sonra da
beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyaların transferi
ilə yanaşı, elmtutumlu və innovativ yanaşmaların təbliğ edilməsi
istiqamətində də fəaliyyətini davam etdirəcəyini qeyd edib. İdarə
Heyəti sədrinin müavini sözügedən elmi-publisistik nəşrin geoloq və
mədənçilərimizin masaüstü kitabına çevriləcəyinə, mineral xammal
ehtiyatlarından səmərəli istifadənin təşkilinə əlavə töhfələrini
verəcəyinə inandığını bildirib.
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev kitabın
praktik əhəmiyyəti barədə danışaraq, nəşrin təkcə geoloqlar deyil,
menecerlər üçün də faydalı vəsait olacağını diqqətə çatdırıb.
Ə.Əliyevin sözügedən kitabın Azərbaycan dilində nəşrinin ölkəmizdə
dağ-mədən sənayesinin inkişafında yeni bir məhələnin yarandığı
dövrə təsadüf etməsi ilə də əlamətdar olduğunu vurğulayıb.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin
İdarə Heyətinin sədrinin müavini, kitabın rəyçisi Azər Şükürov
çıxışında bu cür maarifləndirici kitabların dağ-mədən sənayesinin
inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Şükürov
yeni nəşrin dərs vəsaiti kimi gənc ekspertlərin yetişdirməsidə
istifadə edilə biləcəyini qeyd edib.
Tədbirdə geologiya və dağ-mədən sənayesi üzrə müvafiq
ixtisasların tədris olunduğu ali təhsil ocaqları – Bakı Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft
Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
rektorları, o cümlədən kitabın redaksiya heyəti nəşrin əhəmiyyəti
barədə çıxışlar ediblər.
Qeyd edək ki, “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən
sənayesinin əsasları” kitabında dağ-mədən sənayesi haqqında ümumi
təsəvvürlər, geologiya, faydalı qazıntı yataqları, texniki
araşdırmalar, həmçinin mədənlərin idarə edilməsində maliyyə
modelləri, eləcə də ekoloji tədbirlər barədə geniş və praktiki
nümunələrlə zəngin məlumatlar izahlı şəkildə təqdim olunur.
Kitabda, eyni zamanda iri dağ-mədən şirkətlərinin təcrübələri
əsasında layihələrin idarəolunması modellərinə dair təhlillər
aparılır, iri metal korporasiyalarının illik hesabatlarına
istinadlar edilir.
Kitab “AzerGold” QSC tərəfindən ölkəmizin elmi kitabxanalarına,
həmçinin geologiya və dağ-mədən sahələri üzrə ixtisasların
tədrisini həyata keçirən universitetlərə hədiyyə edilib.