Risk qrupuna daxil olan uşaqların vaksinasiyası tövsiyə edilir – Pediatr

Xəbər - Humay Ağacanova – Trend:

Tez-tez soyuqlayan və onkoloji xəstəlikləri olan uşaqların koronavirusa qarşı vaksinasiyası faydalıdır. Çünki həmin uşaqlar risk qrupuna daxildir.

Bunu Trend-ə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib:

“Xroniki xəstələyi, onkoloji və ya qan xəstəliyi olan uşaqların həyati riski daha yüksək olur. Həmin uşaqların immun sisteminin zəif olması səbəbindən onlar COVID-19 virusuna yoluxduqda daha ağır keçirə, sağlamlıqlarında ciddi fəsadlar yarana bilər. Bu səbəbdən uşaqların sağlamlığının qorunması üçün vaksinasiya olunmaları tövsiyə edilir.”

Həkim həmçinin hər hansı bir xəstəliklə əlaqədar aktiv müalicə dövründə olan və ya hormonal müalicə alan uşaqların vaksinasiya prosesini yubatmağın gərəkli olduğunu qeyd edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarına əsasən 16-18 yaşlı və 12-15 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

Vaksinasiya mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Teqlər: