Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
AzerTimes xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan qurumların nümayəndələri çıxış edib.
İmişli İcra Hakimiyyətinin nümayəndəsi çıxışında icra hakimiyyətinə dəyən 6 milyon 600 min 640 manat ziyanın ödənilməsini istəyib.
Bundan başqa, İmişli rayon Regional Mədəniyyət İdarəsinin nümayəndəsi 31 min 270 manat, DOST agentliyinin nümayəndəsi 134 min manat, İmişli rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi isə 67 min 830 manat zərərinin təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini tələb ediblər.
Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov deyib ki, müvəkkilinə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməyib, eyni zamanda əksər şahidin ibtidai istintaq dövründə verdiyi ifadələr təsdiqini tapmayıb.
Vəkil çıxışında V.Hacıyevin səhhətində olan problemlərə diqqət çəkib. Eyni zamanda bildirib ki, müvəkkilinə qarşı qanunsuz odlu silah saxlama maddəsi ilə verilən ittiham əsassızdır:
“Vilyam Hacıyevin evindən aşkarlanan ov tüfən mağazadan sənədi ilə alınıb.
Üzərinə həbs qoyulan əmlakların isə heç biri Vilyam Hacıyevin adına deyil”.
Proses iyulun 18-də davam etdiriləcək.
Xatırladaq ki, ötən prosesdə Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəyib. Bundan başqa, prokuror V. Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunmasını istəyib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.