Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 15 may
tarixində keçirilmiş baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan
edib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, hər bir namizəd
DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik
təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında
məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar,
Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış
vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə
bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1279
namizəddən 18 nəfəri imtahana gəlməyib.

236 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha
yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4 və ya 5-ci kurs
tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul
olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 15-də keçirilən imtahanda 66 nəfər bu ilin, 69 nəfər isə
əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 135 namizəd ikinci
mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya
qəbul olmaq üçün qeydiyyatdan keçən 596 namizəd də birbaşa ikinci
mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün
onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə
forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər
Apellyasiya komissiyasına 17-19 may 2022-ci il tarixlərində
müraciət edə bilərlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar
imtahanının (2-ci cəhd) iyunun 19-da keçirilməsi nəzərdə tutulur.
İmtahanda iştirak etmək üçün qeydiyyat 1-5 iyun 2022-ci il
tarixlərində DİM-in saytında internet vasitəsi ilə aparılacaq.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II
mərhələ) avqustun 21-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal
toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq
hüququ olan namizədlər buraxılırlar.

Teqlər: