Xəbər - Humay Ağacanova – Trend:
26 sentyabr 2021-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Namizədlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://eservices.dim.gov.az/brxv linkinə daxil olaraq çap edə bilərlər.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd: Bu mərhələdə iştirak edəcək 814 neferden 305 neferi ötənilki imtahan neticesine görə, 509 nefer ise bu ilki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.