Mayın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən
rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd)
keçirilir.
Trend DİM-ə
istinadla xəbər verir ki, imtahanda 1279 namizəd iştirak edəcək.
Onlardan 1021-i Azərbaycan, 258-i isə rus bölməsi üzrə imtahan
verəcək. Ərizə verənlərin 564-ü oğlan, 715-i qızdır. 685 nəfər cari
ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər xarici ölkə
vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da
başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-də buraxılış
rejimi başa çatır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:
– Şəxsiyyəti təsdiq edən sənədin əsli;
– İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə
vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat
daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,
lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları
gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin
səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane
olur.
Rezidenturaya imtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan
binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109
nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6
bina nümayəndəsi ayrılıb.