Revanşist xülyalara düşənlər Azərbaycanın qələbəsindən nəticə çıxarmalıdır – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Pandemiyanın dünya iqtisadiyyatını sarsıtdığı bir dönəmdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük layihələr gerçəkləşdirməsi bir daha onu göstərir ki, ölkəmizin həyata keçirdiyi islahatlar onun inkişafının davamlı və rəqabətqabiliyyətli olmasını tam təmin edə bilib.

Bunu AzerTimes-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri vurğulayıb ki, fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər edərkən Prezident İlham Əliyev bütün şəhərlərimizin baş planlarının hazırlandığını, təqdim olunacağını, müzakirə ediləndən sonra bərpa işlərinə start veriləcəyini diqqətə çatdırdı.

B.Əliyev qeyd edib ki, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi icra ediləcək: “Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Ermənilər işğal etdikləri ərazilərdə Cenevrə konvensiyasını pozaraq qanunsuz məskunlaşdırma aparmağa cəhd ediblər. Amma 30 ilə yaxın bir müddətdə işğalçı və korrupsioner Ermənistan rejimi heç nəyə nail olmayıbdır. İşğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarında müşahidə etdiyi mənzərəni Prezident İlham Əliyev belə ifadə edib: “Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü”.

Prezident eyni zamanda qeyd edib ki, “biz isə qısa müddət ərzində Azərbaycanın bu bölgəsini ən yüksək tenologiyalar əsasında yaradılan infrastuktura malik ən abad, müasir “ağıllı” kənd və şəhərlərə çevirəcəyik”.

B.Əliyev vurğulayıb ki, işğalçı Ermənistanın törətdiyi hərbi cinayətlərin miqayası böyükdür: “Burada evlərin böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə düşmən qanunsuz məskunlaşma aparmışdı. Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə düşmən artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcəkdir.

Ermənistan və ona dəstək verən xarici qüvvələr anlamalıdırlar ki, Azərbaycan güclü demokratik dövlətdir. Azərbaycan öz ərazi bütövlüyünü əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı və şücaəti nəticəsində tam bərpa edib. Revanşıst xülyalara düşənlər bundan nəticə çıxarmalıdırlar. Nəhayət bölgədə sülhün möhkəmlənməsinə və iqtisadi tərəqqiyə hər kəs öz təhvəsini verməli və Azərbaycandan nümunə götürməlidir. Bunu hələ də dərk etməyənləri, nəticə çaxarmayanları isə “Dəmir yumuruq” hər ana başa salmağa hazırdır!

Azərbaycan tərəqqi yolundadır. Yolun açıq olsun, Azərbaycan!”.

Teqlər: