“Reuters”: ABŞ Türkiyə ilə məsləhətləşmələrdə Ankaranın S-400-ləri Kiyevə verməsi ehtimalına toxunub

ABŞ rəsmiləri Türkiyəli həmkarları ilə məsləhətləşmələr zamanı
Ankaranın S-400 zenit-raket komplekslərinin Kiyevə verilməsi
ehtimalına toxunublar, lakin rəsmi olaraq belə bir təkliflə çıxış
etməyiblər.

AzerTimes-ın məlumatına görə, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi xəbər yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri bu ehtimal barədə “son
aylar ərzində” danışıblar. Xüsusilə bu mövzu bu ayın əvvəlində ABŞ
dövlət katibinin birinci müavini Uendi Şermanın Türkiyəyə səfəri
zamanı “qısa müzakirə edilib”.

Qeyd edilir ki, analitiklərin fikrincə, “bu ideya Türkiyə
tərəfindən şübhəsiz ki, rədd ediləcək”.

Agentlik bildirir ki, ABŞ rəsmiləri son həftələrdə Ankara ilə “gərginləşmiş münasibətləri yaxşılaşdırmaq” və Türkiyəni yenidən
Vaşinqtonun orbitinə çıxarmaq üçün səylərini artırıblar, lakin bu
sahədə konkret təkliflər hələ hazırlanmayıb.

Agentlik qeyd edir ki, ABŞ hakimiyyəti müttəfiqlərdən SSRİ və ya
Rusiya istehsalı olan silahların Ukraynaya verilməsi imkanlarını
nəzərdən keçirməyi istəyib.