Restoranlara da “ulduzlar” verilir: qiymət artacaq

Restoranlara da “ulduzlar” verilir: qiymət artacaq

Bütün dünya ölkələrində insanlar otellərə gedərkən onu ulduzlarıyla fərqləndirirlər. Hazırki dövrdə ictimai iaşə müəssisələrində, xüsusən istirahət mərkəzlərində bu işi görmək çox zəruridir.

Bu fikirləri AzerTimes-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov ictimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifatlaşdırılması haqda danışarkən deyib.

Eyyub Hüseynov bildirib ki, əgər bu məsələ həll olunarsa, istehlakçıların seçim imkanları yaxşılaşar:

“Lakin burada bəzi prinsiplər nəzərə alınmalıdır. Bu qiymətləndirmədə media, mütəxəssislər və istehlakçı hüququnu qoruyan təşkilat iştirak etməlidir. İş qətiyyən ödənişli olmalı deyil. Bütün rüşvət amili ortadan götürülməli və tam ədalətli şəkildə aparılmalıdır. Ulduzların verilməsi üçün kriteriyalar hazırlanmalıdır. Çünki Azad İstehlakçılar İctimai Birliyi bir telelayihə çərçivəsində şəhərin mərkəzində iş aparıb. Görmüşük ki, şəhərin mərkəzində bərli-bəzəkli zallarda əyləşən istehlakçı yemək gözləyir, lakin mətbəx həddindən artıq pis gündədir və ya haradasa bişirilib gətirilmiş yeməklər istehlakçıya təqdim olunur”.

Ekspert vurğulayıb ki, qonağın qəbul olunmasından yola salınmasına, sanitar qovşaqların zaldaki insanların sayına uyğun olması qədər, çoxsaylı kriteriyalar nəzərə alınmaqla ulduzun verilməsinə razıdır:

“Amma ulduzlar verildikdən sonra qiymət artımı müşahidə oluna bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ictimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifatlaşdırılacağı barədə açıqlama verib.

Teqlər: