Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb və sərgi böyük marağa səbəb olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, “Aida Mahmudova: PASTPRESENTFUTURE” sərgisi “Sapar Contemporary Gallery+Incubator”un təşkilatçılığı ilə reallaşıb.
Sərgi qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində apardığı fasiləsiz işlər çərçivəsində reallaşan mühüm addımlardan biridir.
Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları aydın şəkildə göstərən güclü əsərlər yaradılır.
Ot və quru bitkilərdən istifadə etməklə, eləcə də rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn, tamaşaçıların sonsuz marağına səbəb olan “Roots” (“Mənşə”) kimi əsərlər Azərbaycanda rast gəlinən landşaftın əsas elementlərini ifadə edir.
Bakıda yaşayıb yaradan Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Rəssamın intuitiv xarakter daşıyan axtarışları sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir.
A.Mahmudova bildirib ki: “Cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur – o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən formalaşdırılıb və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir”.
Sərgi yanvarın 14-də açılıb və fevralın 16-dək davam edəcək. Xarici media sərgiyə xüsusii maraq göstərir və geniş işıqlandırır.
“Aida Mahmudova: PASTPRESENTFUTURE” sərgisinə həsr edilmiş yazılarla bu linklərdə ətraflı tanış olmaq mümkündür:
https://theartgorgeous.com/female-led-exhibitions-we-cannot-wait-to-see-in-2021/