Respublika Veteranlar Təşkilatının sədri Rusiya səfiri ilə görüşüb (FOTO)

Bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatını ziyarət edib, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.

AzerTimes-ın məlumatına görə, görüş əsnasında Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verilib, Rusiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcudluğuna diqqət çəkən Fatma Səttarova, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bu dostluğun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib.

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələrə haqqında da ətraflı danışıb.


Daha sonra çıxış edən Rusiya Federasiyasının səfiri Mixail Boçarnikov səmimi qəbula görə Fatma Səttarovaya təşəkkürünü bildirib, təşkilat sədrinə gül dəstəsi təqdim edib. Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Mixail Boçarnikov Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini yüksək qiymtələndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Mixail Boçarnikov onu da qeyd edib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izləyir.

Görüşün sonunda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib. Respublika Veteranlar Təşkilatına bu cür mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun tismalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova, Azərbaycan-Rusiya dostluğunun bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

Teqlər: