Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
AzerTimes xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.
Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk.
Tam əminəm ki, bizim qardaş xalqlarımız arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylərimiz və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzulayıram”.
***
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.
1993-cü ildə müstəqilliyimiz böyük təhlükə ilə üzləşmişdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın qabaqcıl şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz regionda aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycana barış və inkişaf gətirdi.
Siz Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi Sizin məqsədyönlü siyasətiniz nəticəsində mümkün oldu. Bu il Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin rəhbərliyinizlə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və əminəm ki, doğma yurdlarını tərk etmiş vətəndaşlarımız qısa bir zamanda çiçəklənən Qarabağa qayıdacaqlar.
Bu günlərdə Şuşada Sizin təşəbbüsünüzlə keçirilən “Xarıbülbül” festivalı dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan tolerant, multikultural dövlətdir və burada yaşayan hər bir xalqa öz mədəni dəyərlərinin inkişafı üçün lazımi şərait yaradılır.
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi xalqımızın Qələbəsi ilə başa çatdı və qarşıda ölkəmizi böyük bərpa işləri gözləyir. Əminəm ki, bu sahədə də Sizin dərin, düşünülmüş siyasətiniz öz nəticələrini verəcək, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın gözəlliyi və mənəvi həyatı özünə qaytarılacaq.
Sizə işlərinizdə yeni uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzulayıram”.
***
Kanada Hökumətinin administratoru Riçard Vaqnerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri,
Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən səmimi arzularımı çatdırıram.
Xalqlarımız arasındakı əlaqələr Kanadada fəal azərbaycanlı icmasının töhfələri ilə daha da güclənir, ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaradır. Biz, həmçinin beynəlxalq əməkdaşlığımızı, mədəniyyət, təhsil və ticarət sahələrində əlaqələrimizi, qadınlara daha geniş hüquqlar verilməsi, həmçinin hamı üçün ədalətli gələcəyin qurulması işinə sadiqliyimizi qeyd edə bilərik.
Ötən il bir çox ciddi çağırışlar yaratdı. Kanada qarşıda daha yaxşı günlərin olacağına ümid edir və biz normal həyata qayıtmağa səbirsizliklə hazırlaşarkən bütün Azərbaycan xalqına sülh və rifah diləyirik.
Ölkənizin müstəqilliyini qeyd etdiyiniz bu əlamətdar gündə bütün Azərbaycan xalqının, eləcə də Kanada azərbaycanlılarının sevincinə qoşularaq Sizi bir daha təbrik edir, daha işıqlı gələcək arzulayırıq”.
***
Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – 28 May – Respublika Günü münasibətilə Kolumbiya xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Mən 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qeyd olunduğu bu tarixi günlərdə Zati-alinizə bildirmək istəyirəm ki, Kolumbiya hökuməti xüsusilə turizm, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq etməklə, həmçinin siyasi və iqtisadi əlaqələrimizi möhkəmləndirməklə Azərbaycanla olan münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir.
Ölkələrimiz arasında indiyə qədər keçirilmiş yüksək səviyyəli görüşlər, həmçinin vaxtaşırı aparılan siyasi məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin yaxşılaşdırılması və xalqlarımızın rifahının daha da artırılması üçün səylərimizi, qarşılıqlı maraqlar çərçivəsində birgə işləmək barədə ümumi mövqeyimizi əks etdirən davamlı siyasi dialoqu vurğulamaq istəyirəm.
Hazırkı qlobal səhiyyə böhranı bir çox sahələrdə, xüsusilə də COVID-19 virusuna qarşı peyvəndə şəffaf əlçatanlığın təmin edilməsində, eləcə də pandemiya ilə mübarizədə elmi və texnoloji əməkdaşlığı, təcrübə mübadiləsini təşviq edən təşəbbüslərdə əl-ələ verib birgə işləmək üçün imkan yaradır.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yüksək hörmət və ehtiramımı bildirir, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
***
Mərakeşin Kralı VI Məhəmməddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri, əziz qardaşım.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, bildirirəm ki, ölkələrimiz arasında uzunmüddətli, səmimi münasibətlərə böyük önəm verirəm və bütün sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa davam edəcəyəm”.
***
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Cənab Prezident.
28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.
Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.
Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.
Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram”.
***
Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaqubdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza ən səmimi təbriklərimi, habelə davamlı sülh, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimizi davam etdirdiyimiz bir dövrdə Sinqapur insanların həyatının, yaşayışının qorunması və pandemiyanın təsirinin azaldılması üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək”.
***
İndoneziya Respublikasının Prezidenti Coko Vidododan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri,
28 May – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, eləcə də xalqınıza davamlı tərəqqi, firavanlıq diləyir, ən xoş arzularımı çatdırıram.
Ümidvaram ki, İndoneziya və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri xalqlarımızın və ölkələrimizin rifahı naminə davamlı inkişaf edəcək.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin”.
***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Biz azərbaycanlı tərəfdaşlarımızın sosial-iqtisadi inkişafda qazandığı böyük uğurlara, xalqın rifahının yüksəldilməsinə, habelə ölkənizin dünya arenasında nüfuzunun artmasına görə səmimi qəlbdən sevinirik.
Bu gün Azərbaycan ilə əməkdaşlıq Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Biz Tacikistan ilə Azərbaycan arasında səmimi və məzmunlu dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, biz ümumi səylərimizlə ölkələrimizin bunun üçün mövcud olan potensial imkanlarını tam reallaşdıra biləcəyik, xalqlarımızın dinc və xoşbəxt gələcəyi naminə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.
Əziz İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm”.
***
Koreya Respublikasının Prezidenti Mun Ce-indən Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.
Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.