Rəsmi boşanırlar ki, dövlətdən iki ev alsınlar – Şok açıqlama

Rəsmi boşanırlar ki, dövlətdən iki ev alsınlar – Şok açıqlama

Ölkəmizdə son vaxtlar boşanmalarla bağlı statistika heç də ürəkaçan deyil. Bir sıra şəxslər iddia edir ki, boşananların hamısı heç də real hə, tərəflər eyni evdə qeyri-rəsmi qaydada yaşamağa davam edirlər. Yəni rəsmi formada nikaha xitam verilsə də onlar real həyatda ayrılmırlar.

Ailələri buna vadar edən səbəb nədir?

AzerTimes xəbər verir ki, hüquqşünas Ramil Süleymanov məsələnin təfərrüatını “Yeni Sabah”a belə izah edib:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə saxta nikah münasibətləri, saxta nikah anlayışı qanunla tənzimlənib. Amma saxta boşanma barədə qanunvericilikdə heç bir anlayış yoxdur. Ancaq biz bunu məhkəmə praktikasında görə bilirik ki, bəzən saxta boşanmalar icra olunur. Bu əsasən hansı boşanmalar olur? Məsələn, əvvəllər və ya eyni zamanda indiki vaxtda da qanuni nikah əsasında rəsmi olaraq birgə yaşayan şəxslər var ki, bu adamlar işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün statusu daşıyanlar olublar. Onlar müvafiq dövlət qurumundan bir ailə təsərrüfatı üçün bir yox, iki mənzil almaq niyyəti güdürlər. Beləliklə, saxta boşanma həyata keçirməklə rəsmi olaraq bir-birilərindən ayrı görünürlər. Hətta uşaqları belə öz aralarında saxta şəkildə bölüşdürürlər. Yəni, iki övladları varsa, bir uşaq ata ilə, digəri anası ilə qalır. Ayrı-ayrı təsərrüfatlara qeydiyyatda olduqları rayonun müvafiq komissiyasına müraciət edirlər ki, onlar aidiyyatı üzrə mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunsunlar.

İkinci bir məsələ ondan ibarətdir ki, bəzən ünvanlı sosial yardım almaq istəyən şəxslər saxta boşanmanı həyata keçirirlər və tərəflərdən biri digərinə aşağı məbləğdə aliment ödəyir. Qadın aliment almasına baxmayaraq, faktiki maddi durumunun uyğun olmadığını dövlət qurumuna təqdim edir və aldatmağa çalışır”.

R.Süleymanov bu cür boşananların qanun qarşısında məsuliyyət daşıdığını vurğulayıb:

“Vətəndaşlar bu yollara əl atmazdan əvvəl onun qanun qarşısında məsuliyyətini də dərk etməlidirlər. Çünki yalançı boşanmalar həyata keçirməklə dövlət qurumunu aldatmağa cəhd göstərən şəxs dövlət əmlakının qanunsuz şəkildə əldə olunması anlayışının təsir dairəsinə düşə bilir. Nəzərə almalıdırlar ki, əgər bu hal dövlət qurumu tərəfindən aşkarlanarsa, həmin əmlakın geri tələb olunması ilə bağlı vətəndaşa qarşı müvafiq qaydada məhkəmə tərəfindən iddia qaldırıla bilər. Belə olduğu təqdirdə, vətəndaş məhkəmə qərarını icra etmək məcburiyyətində qalacaq”.

Teqlər: