“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
AzerTimes xəbər verir ki, püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi Moldova “Şerif”i ilə üz-üzə gələcək.
Rəşad Sadıqov isə klubun saytına açıqlamasında bunları deyib:
“Şerif” Azərbaycan futboluna tanış rəqibdir. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.
Qeyd edək ki, “Zirə” ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü isə iyulun 18-də Bakıda keçirəcək.