Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində həmin ölkənin Baş
naziri İrakli Qaribaşvili ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görüş zamanı
ölkələrimiz arasında nəqliyyat və İKT sahəsində mövcud və
perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sıx əlaqələrin qurulması üçün irəli sürülən təkliflər və
həlli zəruri işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə bildirilib ki, Azərbaycanla Gürcüstan arasında bütün
sahələrdə, o cümlədən nəqliyyat və İKT sektorunda uğurlu
əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensial və əlverişli
şərait mövcuddur.

Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulanaraq
yükdaşımaların həcminin artırılması istiqamətində aparılan birgə
işlər qeyd edilib.

Həmçinin Qara dəniz-Xəzər nəqliyyat marşrutu, Fars körfəzi-Qara
dəniz dəhlizi və “yaşıl limanlar” istiqamətlərində uğurlu
əməkdaşlıq münasibətlərinin olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Gürcüstan ilə Azərbaycan arasında koordinasiya
edilmiş əməkdaşlıq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb
olunması prosesinə şərait yaradır və bu da son nəticədə hər iki
ölkənin iqtisadiyyatına müsbət təsir göstərir.

Görüşdə regionun inkişafı və uzunmüddətli tərəqqisi üçün sülh və
sabitliyin vacibliyi xüsusi qeyd olunub.

Teqlər: