Rəqəmsal transformasiya konsepsiyasının hərtərəfli və inklüziv olmasına çalışırıq – Rəşad Nəbiyev

Rəqəmsal transformasiya konsepsiyasının hərtərəfli və inklüziv olmasına çalışırıq.

AzerTimes xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşü zamanı deyib.

Rəqəmsal transformasiya üzrə işçi qrupunun iclasında səmərəli müzakirələr aparıldığını diqqətə çatdıran nazir əsas istiqamətlər üzrə məsul qurumlar və əlaqələndirici şəxslərin təyin olunduğunu bildirib. “Biz hazırda Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası üzərində işləyirik. Konsepsiya gələcəkdə hazırlanacaq Strategiya və onun icrası məqsədilə Tədbirlər Planı kimi fundamental sənədlərin əsasını təşkil edir. Bunu nəzərə alaraq biz konsepsiyanın hərtərəfli və inklüziv olmasına çalışırıq”, – deyən nazir bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi maraq göstərildiyini vurğulayıb.
Nazir Rəşad Nəbiyev qeyd edib ki, fərdi məlumatların mühafizəsi sahəsində ölkələrimizin milli qanunvericiliyinin uyğunlaşdırılması, sonrakı mərhələdə isə fərdi məlumatların transsərhəd ötürülməsi üçün “etibarlı ölkə” statusunun əldə edilməsi ilə əlaqədar Saziş layihəsinin hazırlanması planlaşdırılır. “Bizdə “Fərdi məlumatların mühafizəsi haqqında” yeni Qanun layihəsi hazırda dövlətdaxili prosedurdadır. Məndə olan məlumata görə, Türkiyənin bu sahədəki qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyi ilə oxşarlıq təşkil edir. Bizim yeni qanun layihəmiz də Avropa İttifaqının qanunvericiliyi əsasında hazırlanıb”.

Nazir bildirib ki, məhz bu səbəbdən Azərbaycan və Türkiyə arasında bu sahədəki qanunvericiliyin uyğunlaşdırılması rahat həyata keçirilə bilər.

Görüşdə qeyd olunub ki, iki ölkə arasında əməkdaşlıq istiqamətlərindən biri də “Hökumət buludu” sahəsidir. Azərbaycan Türkiyənin bu sahədə tətbiq etdiyi modelin öyrənilməsində maraqlıdır. Gələcəkdə birgə data mərkəzinin yaradılması da perspektiv əməkdaşlıq istiqamətlərindən biridir.

Teqlər: