Aprelin 28-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real
imkanlar” mövzusunda II beynəlxalq konfrans öz işinə başlayıb.
Konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC) və digər aparıcı qurumların birgə
təşkilatçılığı ilə keçirilir.
Konfransın açılısında UNEC-in rəqəmsal iqtisadiyyatla bağlı
innovativ texnologiyalara əsaslanan ixtira və patentlərindən bəhs
edən videoçarx nümayiş olunub.
UNEC-in rektoru professor Ədalət Muradov mövzunun aktuallığını
vurğulayaraq, konfransın ölkənin dayanıqlı, innovativ və
rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi
aləti olan rəqəmsal transformasiyanın müxtəlif aspektlərini
müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə
təşkil olunduğunu bildirib.
Rektor beynəlxalq konfransa 15 ölkədən, o cümlədən İngiltərə,
Portuqaliya, Serbiya, İsrail, Litva, Türkiyə, Slovakiya,
Macarıstan, Kolumbiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus,
Rusiya və Özbəkistandan 200-dək məqalənin qəbul edildiyinidiqqətə
çatdırıb. Rəqəmsal iqtisadiyyatla bağlı konseptual məsələlərə
toxunan Ədalət Muradov rəqəmsallaşma nəticəsində istehsalla yanaşı,
insanların baxışlarının dəyişdiyini, texnologiyaların bu
dəyişikliklərin önündə getdiyini bildirib. O, elmi tədqiqatların
rolunun əhəmiyyətli dərəcədə artdığını bildirib, tədqiqatçılar
qarşısında duran əsas vəzifələri açıqlayıb: “Rəqəmsallaşmanın
yaratdığı sərvətin bölünməsində bərabərliyi azaltmaq; yarana bilən
neqativ effekti minimallaşdırmaq; insanların imkanlarını daha da
genişləndirməyi təmin etmək”. Ə.Muradov “Azərbaycanda rəqəmsal
savadlılıq” proqramına başlamağın vacibliyini bildirib. Həmçinin
dövlətin fəal iştirakı olmadan rəqəmsal transformasiya və rəqəmsal
iqtisadiyyatın formalaşmasının mümkünsüzlüyünü, bu istiqamətdə
institusional dəyişikliklərin qaçılmaz olduğunun vacibliyini önə
çəkib.
Təhsil naziri Emin Əmrullayev rəqəmsallaşmanın təhsil sisteminin
qarşısında qoyduğu əsaslı çağırışlardan danışıb. Müasir təhsil
sistemində klassik fənlərin əksəriyyətinin öz aktuallığını
itirdiyini, rəqəmsal bilik və bacarıqlar tələb edən fənlərin önə
çıxdığını deyən nazir, qəbul imtahanlarına informatika fənninin
salınacağını bildirib. Nazir rəqəmsal savadlılığın və bacarıqların
ölçülməsinin vacibliyinə diqqət çəkərək, Azərbaycanın 2023-cü ilin
mayında Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının keçirdiyi İSELS
qiymətləndirmə layihəsinə qoşulacağını vurğulayıb.
Milli Məclisin komitə sədri Tahir Mirkişili rəqəmsallaşmanın
iqtisadiyyatda yaratdığı köklü dəyişikliklərdən söz açıb.
Rəqəmsallaşmanın iqtisadiyyatda yeni alətlər yaratdığını,
şəffaflığı artırdığını və iqtisadi inkişafı sürətləndirdiyini deyən
komitə sədri, biznes platformaların yaradılmasını rəqəmsallaşmanın
ən böyük üstünlüklərindən biri kimi dəyərləndirib. T.Mirkişili
rəqəmsallaşmanın yaratdığı kibertəhlükələrə də toxunub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov
dayanıqlı iqtisadiyyatın təmin olunmasında rəqəmsallaşmanın
rolundan danışıb. Azərbaycanda rəqəmsallaşmanın yaratdığı imkanlar
hesabına güclü iqtisadiyyat qurulacağını deyən nazir müavini, məhz
bu cür güclü, rəqəmsal inkişafın risklərə daha dayanıqlı olduğunu
deyib. O, rəqəmsal iqtisadiyyat üçün zəmin yaradan faktorları da
açıqlayıb, İKT-nin inkişaf etdirilməsinin və rəqəmsal bacarıqlara
sahib mütəxəssis hazırlığının vacibliyini vurğulayıb.
Konfransda çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev rəqəmsal
iqtisadiyyatın inkişafı istiqamətində vacib olan sahələri
açıqlayıb. O, müvafiq infrastrukturun yaradılmasının, ölkədə yüksək
sürətli, dayanıqlı internetin təmin olunmasının, təhsilin bütün
pillələri üzrə rəqəmsal bilik və bacarıqların inkişaf
etdirilməsinin, eləcə də ömürboyu təhsilin təmin olunmasının
əhəmiyyətini qeyd edib.
Çıxışlardan sonra konfransın məruzəçilərinə plaketlər təqdim
olunub.
Beynəlxalq konfrans plenar məruzələrlə davam edib.