Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın həmçinin
rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri
icra olunur. Bu məqsədlə “NEQSOL Holding”in tərkibində olan
“AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan
vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way)
fiber-optik infrastruktur layihəsi həyata keçirilir.
Layihənin məqsədi beynəlxalq internet marşrutlarının
Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya
texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.
Layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub,
Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni
fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam
edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da
110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə
tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır.
Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri
(“Detecon Consulting”, “DLA Piper” və s.) cəlb olunub. Bu
infrastrukturun qurulması regionda multiterabitli magistral
marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal
infrastrukturunu gücləndirəcək.
“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya hissəsində Azərbaycan və
Qazaxıstan arasında imzalanmış dövlətlərarası sazişə əsasən,
Xəzərin dibi ilə Transxəzər Fiber Optik Kabel sisteminin
reallaşdırılması istiqamətində proses davam edir. Kabel sisteminin
dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü ilk
mərhələdə 4-6 terabit/s, növbəti dövrdə isə 16 terabit/s-dən çox
olacaq. “Axiom”, “PwC” və digər beynəlxalq konsaltinq şirkətləri
tərəfindən dəniz dibinin ilkin texniki araşdırması aparılıb,
layihənin texniki tələbləri tərtib olunub.
Həmçinin, kabel marşrutların sxemi, kabel stansiyalarının
Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri
müəyyən olunub, layihəyə tələb olunan vəsaitlər ayrılıb.
Azərbaycan və Qazaxıstan şirkətlərinin Konsorsiumu formalaşıb və
onun çərçivəsində birgə müəssisə yaradılması prosesi növbəti həftə
tamamlanacaq. Həmçinin, təchizatçı seçimi üzrə tender prosesi
yekunlaşıb, tikintinin başlanması üçün hüquqi və texniki işlər
tamamlanır.
Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Transxəzər Fiber
Optik Kabel Xətti layihəsinin icrasını sürətləndirmək üçün
“AzerTelecom” şirkəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya
və Aerokosmik Sənayesi Nazirliyi arasında müvafiq danışıqlar və
razılıqlar əldə olunub, müştərək yol xəritəsi qəbul olunub və
imzalanıb.
“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal
Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı
strateji infrastruktur layihəsindən biri seçilib.
“NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti
Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və
ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.