“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib (FOTO)

“AzerTelecom” şirkəti tərəfindən icra edilən və Avropanı Orta və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 10-11 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2021” – Türkmənistan Telekommunikasiya və İT Konfransında təqdim edilib.

Hibrid formatda (həm Aşqabadda canlı olaraq, həm də beynəlxalq tərəfdaşların onlayn formatda iştirakı ilə) keçirilmiş konfransda rəqəmsallaşma, kiber təhlükəsizlik, vahid milli kommunikasiya şəbəkəsinin qurulması, kosmik texnologiyalar kimi mühüm mövzular üzrə müzakirələr aparılıb, təqdimatlar edilib.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev konfransda çıxış edib. O, Avropa ilə Cənubi Asiya arasında Azərbaycan və Türkmənistan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) və bu qlobal rəqəmsal dəhlizin Xəzər dəniz seqmenti olan Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xətti (Transxəzər Fiber Optik Kabel Xətti) layihəsi barədə danışıb. O Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişafında bu mühüm rəqəmsal infrastruktur layihəsinin rolunu vurğulayıb.

Bildirilib ki, Avropadan Asiyaya internet və kontentin ötürülməsinə imkan verəcək “Rəqəmsal İpək Yolu” qitələrarası ən qısa marşrut olaraq həm də daha sürətli məlumat ötürülməsini təmin edəcək.

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi nəticəsində Avropa ilə Cənubi Asiya arasında “Rəqəmsal İpək Yolu”nun formalaşması bu rəqəmsal marşrutun ətrafında yerləşən digər regional tərəfdaşlar üçün də yeni əməkdaşlıq imkanları yaradacaq, Mərkəzi Asiya və Qafqazda rəqəmsallaşmaya təkan verəcək.

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

Şirkət Avropanı Orta və Cənubi Asiyaya bağlayan irimiqyaslı rəqəmsal infrastruktur layihəsi olan “Rəqəmsal İpək Yolu” layihəsini icra edir. “NEQSOL Holding”in təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da keçirilən “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

Teqlər: