“Rəqəmsal gələcəyə addım” müsabiqəsinin qalibləri müəyyənləşib (FOTO)

Təhsil Nazirliyinin “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə keçirdiyi “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqənin final mərhələsi komanda şəklində olmuşdur. Burada müəyyən vaxt ərzində təsadüfi olaraq finalçılardan ibarət komandalar komanda layihəsini tamamlamaq üçün bir-biri ilə yarışırdılar. Finalda respublikanın 61 məktəbindən 20 komanda – 100 şagird iştirak etmişdir. Onların işləri münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Kiçik yaş qrupu üzrə 3 komanda (5-7-ci siniflər) və böyük yaş qrupu üzrə 3 komanda (8-9-cu siniflər) olmaqla 6 komanda “Gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsinin qalibi seçilmişdi.

Tədbirdə iştirak edən Təhsil Nazirinin müavini Muxtar Məmmədov qalib komandaları təbrik edərək iştirakçı şagirdlərdə formalaşan rəqəmsal düşüncə, proqramlaşdırma, tənqidi düşüncə və problemləri həlletmə bacarıqlarının əhəmiyyətini vurğulamışdır.


Müsabiqənin qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan “AzEduNet” şirkəti “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsinin təşkilində texniki dəstək göstərmişdi. AzEduNet şirkəti ölkənin 61 məktəbindən 100 şagirdin iştirakı ilə baş tutan final mərhələdə istifadəyə verilmiş 100 ədəd kompyuter avadanlığının Wi-Fi şəbəkəsinə qoşulması, müvafiq proqram təminatının yazılması, elektrik təchizatının və tədbir boyu digər texniki dəstəyin təminatı işlərini uğurla həyata keçirmişdi.

Teqlər: