Azərbaycan universitetlərinin reytinq baxımından dünyanın ilk 10 minliyinə də düşməmələrinə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin bugünkü reaksiyası sadəcə, üzücüdür.
E.Babayev “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, reytinqlərdə geri qalmağımızın səbəbi zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir.
Bu məntiqi kimsə izah edə bilərmi? Necə yəni biz zəif deyilik, rəqiblərimiz sürətlə inkişaf edir? Rəqiblər sürətlə inkişaf edirsə və biz onlarla ayaqlaşa bilmiriksə, demək, zəifik, idarəetməni bacarmırıq, yeni düşüncə ilə təhsilə yanaşmaq təsəvvür və təfəkkürümüz yoxdur!
Universitetlərin reytinqi toplu halda götürülür – təkcə təhsil-tədrislə bağlı deyil: universitetin texniki imkanlarından tutmuş tələbələrinə yaradılan şəraitə qədər.
Bakı Dövlət Universitetinə öz imkanlarını genişləndirməsi üçün hər cür şərait yaradılıb. Azərbaycanda nadir universitetlərdəndir ki, geniş ərazisi mövcuddur, tələbəsiz qalan, dağılmış yataqxanaları var.
İllərdir ki, o yataqxanalar təmir edilmir və yaxud sökülüb, yerində yenisi tikilmir. BDU hər il ən azı bir yataqxana binasını yeniləyə bilməzdimi?
Əvəzində BDU ikinci korpusunu tədris ilinin tam ortasında təmirə bağlayır, tələbələri “Təfəkkür” Universitetinin boşalan binasına göndərir.
Planlaşma, doğru-düzgün yanaşma yoxdur: tədris binasının təmirini yay tətilinə saxlamaq o qədərmi çətin idi? Niyə tədris ilinin ortasında rektor qərar verməlidir ki, daha tələbələr bu auditoriyalarda təhsil ala bilməzlər – mütləq şəhərin başqa yerinə atılmalıdırlar və bina təmirə dayanmalıdır.
Həmin vəsait BDU yataqxanalarından birinə yönləndirilə, təmiri-tikintisi sentyabr ayına qədər tamamlana, yeni dərs ilində tələbələrin ixtiyarına verilə bilərdi; tədris korpusu isə yay tətili zamanı təmir edilərdi.
Əgər öz yataqxanalarını yüksək səviyyədə təmir edib, tələbələrinə geniş şərait yaratsaydı, BDU-nun rəqabət qabiliyyəti xeyli artmış olardı.
BDU – ən yüksək təhsilhaqqı alan universitetlərin başında gəlir; BDU tələbə sayına görə də ölkədə liderlərdən biridir; yaxın tariximiz üçün yüksək adı, böyük ənənəsi var. Onları geri qaytarmaq üçün sadəcə gecə-gündüz işləmək, rüşvəti, korrupsiyanı aradan qaldırmaq, təhsilin keyfiyyətini yüksəltmək, müəllim-professor heyətini ələbaxanlıqdan azad etmək, tələbələrə münasibəti dəyişmək, onların qayğısına qalmaq, onları haqqı olan yataqxanalarla təmin etməl lazımdır.
Yalnız kosmetik təqlidlərlə iş düzəlmir: rektor təyin edilən kimi bir-iki gün tələbə bufetinə gedib, gənclərlə “səmimi” poz verməklə “ən müasir yanaşma” təsəvvürü yaratmaq və piar aparmaq nəyə lazım idi? Təqdir edildi, “yeni təfəkkürlü rektor gəlib” deyildi və bitdi?
Deyəsən, daha bufetə getməyə də vaxt tapmır, başı tədris ilinin ortasında bina təmirinə qarışıb…