Azərbaycan Dillər Universitetində 2023-2024-cü tədris ilinin qış sessiyasında fakültələr üzrə ən yüksək akademik nəticələr göstərən tələbələrlə görüş keçirilib.
AzerTimes xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələri göstərdikləri yüksək nəticələrə görə təbrik edib.
Qeyd olunub ki, ADU-da tələbələrin bilik və bacarıqlarının artırılması üçün hər cür zəruri imkanlar mövcuddur və yeni tədris metodlarının öyrənilməsi, tətbiqi istiqamətində beynəlxalq təcrübə öyrənilməkdədir.
ADU-da həyata keçirilən layihələr haqqında danışan rektor həm müəllimlər, həm də tələbələr üçün elmi araşdırmaların aparılması üçün münbit şəraitin olduğunu qeyd edib.
Birinci kurs tələbələrinin şəxsi kitabxanasının formalaşması və dünyagörüşünün artırılması məqsədilə təşkil olunan pulsuz kitab layihəsindən bəhs olunub, tələbələrin idarəetmə bacarıqlarının formalaşması üçün hər il keçirilən “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışılıb.
Rektor tələbələri ictimai, elmi, mədəni mühitdə fəal olmağa, öz istedadları və savadları ilə cəmiyyətə faydalı olmağa çağırıb. Bədii ədəbiyyata maraq göstərməyin, incəsənəti dərindən bilməyin vacibliyi vurğulanıb.
Sonda ən yüksək nəticə göstərən tələbələrə “Fəxri fərman”lar təqdim olunub.