Xəbər - Çingiz Səfərli – Trend:
Bu gün texnologiyanın inkişafı elə bir həddə çatıb ki, jurnalist adına iddia edənlər çoxdur.
Bunu Milli Mətbuat Günü ilə əlaqədar AzerTimes-a açıqlamasında “525-ci Qəzet”in baş redaktoru Rəşad Məcid deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə “Media haqqında” Qanunun hazırlanması çox labüd idi:
“Ona görə də cənab Prezidentin sərəncamı ilə həm “Media haqqında” Qanunun hazırlanması barədə tapşırıq verildi, həm də Medianın İnkişafı Agentliyi yaradıldı. Qısa müddətdə Medianın İnkişafı Agentliyi (MEDİA) qanun layihəsini hazırladı. Düşünürəm ki, bu, indiki dövr üçün çox vacib, əhatəli layihədir. Qanunun müzakirəsi KİV rəhbərləri ilə də aparılıb. İnanıram ki, yaxın dövr üçün tənzimləyici rol oynaya biləcək. Jurnalist kimdir? Media subyektləri kimlərdir? suallarının cavabı bu qanunda öz əksini tapacaq.
R.Məcid həmçinin bildirib ki, eyni zamanda vahid jurnalist vəsiqələrinin verilməsi dövlətin mətbuata dəstəyinin hansı formada olacağı barədə bir təsəvvür yaradacaq:
“Elə bilirəm ki, indi dövr sürətlə inkişaf edir, dəyişir. Ola bilsin ki, yeni qanun qəbul edildikdən bir müddət sonra ona da hansısa dəyişikliklər edilməsi labüd olacaq. Amma indiki halda vəziyyətdən çıxış kimi “Media haqqında” Qanunun hazırlanması və Medianın İnkişafı Agentliyinin fəaliyyəti qənaətbəxşdir. Arzu edirəm ki, Azərbaycanda reklam bazarı genişlənsin. Bizim əsas problemlərimizdən biri reklam bazarının məhdud olmasıdır. Azərbaycanın iqtisadi inkişafı ilə adekvat deyil. Mətbuatın iqtisadi vəziyyətinin çətinliyi məhz bu reklam bazarının məhdudluğundan irəli gəlir. Reklam bazarı inkişaf etdikcə, mətbuat orqanları arasında normal rəqabət də, iqtisadi inkişaf da hiss olunacaq”.