İranın xarici siyasətinə gəlincə, bu, İranın özünün suveren qərarıdır. İran böyük regional gücdür və dünya işlərində mühüm rol oynayır. Amma fikrimcə, çətin ki, bu faciədən sonra (İran Prezidenti Rəisinin helikopter qəzasında ölümü – red.) İran rəhbərliyinin xarici siyasətində hər hansı dəyişikliklə qarşılaşaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin cümə günü Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran dövlətçiliyinin fundamental əsasları kifayət qədər sabit və etibarlıdır:
“Biz bir dövlət olaraq İranla, İran xalqı və İran rəhbərliyi ilə çox yaxşı əlaqələr qurmuşuq. Şəxsən mən burada mümkün ciddi dəyişikliklər görmürəm. Ümid edirəm ki, İran siyasətinin Rusiya və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığımız istiqamətində davamlılıq qalacaq”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.