İran Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət sazişi imzalamağa hazırlaşır. Fəaliyyət ilə bağlı proqram Avrasiya İqtisadi Komissiyasının oktyabrın 20-də keçirilən iclası zamanı açıqlanıb. Sözügedən sazişin Aİİ İqtisadi Şurasının dekabrın 25-26-da Sankt-Peterburqda imzalanması gözlənilir.
Bu sözləri AzerTimes-a Nikol Paşinyanın Rusiya səfərindən öncə İbrahim Rəisi ilə telefon danışığı aparmasının səbəbləri haqqında danışan politoloq İlqar Vəlizadə deyib.
Politoloq Paşinyanın Sankt-Peterburqda atılacaq addımdan faydalanmaq istədiyini bildirib:
“Ermənistan Aİİ-nin İranla sərhədi olan yeganə üzvüdür. Paşinyan imzalanacaq sazişdən maksimum mənfəət əldə etmək istəyir və Rəisi ilə telefon danışığının məqsədi də budur”.
Politoloq eyni zamanda İranın dövlət başçısının Paşinyana “3+3” xəbərdarlığının səbəblərindən də bəhs edib:
“3+3” formatı Ermənistanı digər region ölkələri ilə birləşdirəcək, xüsusilə Azərbaycanla münasibətlərin normallaşmasına müsbət təsir göstərə biləcək əsas formatdır. Türkiyə, İran və Rusiya da Ermənistanın buraya qoşulmasında maraqlıdır. Ancaq AB-nin rəsmi İrəvan vasitəsilə bölgəyə girmə, Ermənistanın isə Qərbə yönəlmə fəaliyyətləri artır. Bütün bunlar fonunda da Rəisi telefon danışığı zamanı bölgəyə kənar müdaxilələrin qarşısının alınması, davamlı sülh və sabitlik üçün “3+3”-ün ən məqbul əməkdaşlıq formatı olduğunu xatırladıb”.
Qeyd edək ki, Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcəyi gözlənilir.