İran hakimiyyəti bölgədəki tarixi sərhədlərin və Ermənistana tranzit marşrutlarının dəyişdirilməsinin qəbuledilməzliyini bir daha bəyan edib.
AzerTimes xəbər verir ki, bu sözləri İran Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidi bildirib.
O deyib ki, bu barədə mövqeyi Astanada səfərdə olan İran Prezidenti Rəisi bir daha təkrarlayıb (Azərbaycan Prezidenti ilə görüşdə):
“Prezident Rəisi bir daha təkrarlayıb ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında istənilən dəyişikliyə İran qəti şəkildə cavab verəcək”.
Tehran həmçinin istənilən bəhanə ilə Avropanın regionda hərbi iştirakına qarşıdır. Cəmşidi deyib ki, Qərb İran hakimiyyətini İran xalqının strateji maraqlarından yayındıra bilməz.
Biz də təkrar edək ki, İran hakimiyyəti 30 illik işğal dövründə bir dəfə də olsun, Ermənistanın “sərhədləri dəyişdirməsinə” sərt etiraz etməyib, hər zaman Ermənistanı müdafiə edib və Azərbaycanın işğala görə Ermənistana tətbiq etdiyi blokadanın nəticələrinə imkan verməyib – Ermənistanın bütün təminatını üzərinə götürüb.
İranın “İran-Ermənistan tranzit marşrutları”na guya hansısa təhlükə yaranacağı barədə sözləri isə cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İranın Ermənistana “tranzit yoluna” heç bir aidiyyəti yoxdur. Üstəlik, İran bu yolla ən yaxşı halda 2 milyonluq Ermənistan bazarı əldə edirsə, Zəngəzur dəhlizi ilə onmilyonları özündə birləşdirən bazara çıxış əldə edə bilər.
Ermənistan yolu İranı dünya ilə də birləşdirmir. Çünki dalandır, Ermənistandan şimala çıxış yalnız Yuxarı Lars yoludur ki, o yolun vəziyyəti də hər kəsə bəllidir: ilin 9 ayı ordan keçmək müşkülə çevrilir.
İran sadəcə olaraq, Azərbaycanın güclənməsinə qarşı çıxır və 44 günlük savaşda ordusunu Azərbaycan əsgərlərinin qarşısına çıxardıb, guya “sərhəd pozulub” bəhanəsi ilə bir sutka “müzakirə” aparmaqla erməniləri xilas etdiyi kimi, indi də Ermənistanın Azərbaycanla danışıqları pozması, 10 noyabr bəyanatını ayaqlar altına atması üçün açıq şəkildə İrəvanı körükləyir.
Həmçinin, Zəngəzur yolunun İrana heç bir aidiyyəti yoxdur, bu, İranın başqa dövlətin daxili işlərinə burnunu soxması deməkdir.
Üstəlik, Ermənistanı ayaqda saxlamaq üçün min sifətə dolan İran İrəvanın “mülki missiya” adı ilə sərhədə AB güclərini daşıdığının fərqində olsa da, buna adını çəkərək cavab verməyə cəsarəti və ləyaqəti çatmır. Regiona Avropa güclərini soxan Ermənistana qarşı bəyanat verməyən İran, əksinə, Azərbaycanın regional iqtisadi layihələrini ləngitməyə çalışır.
İran Azərbaycana qarşı və ermənipərəst siyasətini artıq açıq müstəviyə keçirib.