İran Prezidenti İbrahim Rəisi Təbriz şəhərinə gəldiyi zaman özü də bilirdi ki, azərbaycanlılar onu isti qarşılamayacaq. Təkrar millətin etimadını qazanmaq imkansızdır. Amma yenə də cəhdlər göstərirlər.
Bu sözləri AzerTimes-a güneyli milli fəal, Ülkü Ocaqları sədrinin müavini Elyar Türkər İran Prezidenti İbrahim Rəisinin Təbrizə səfəri ilə bağlı danışarkən deyib.
O, Rəisinin Təbriz səfərinə şəhər sakinlərinin laqeydliyini televiziya kanallarının belə ört-basdır edə bilmədiyini vurğulayıb:
“Rəisinin qarşılanması təntənəli olmadı. Bunu rejim mənsubları da əvvəlcədən bildikləri üçün dövlət müəssələrində işləyən insanları və məktəb şagirdlərini məcburi olaraq qarşılama mərasiminə gətirmişdilər. Hətta görüşün çəkilişlərinə baxsaq, uzaqdan ümumi plan belə yoxdur. Çünki insanların sayı azdır və bunu ört-basdır etmək üçün televiziyalar insanları yaxından göstərməyə məcbur olub”.
Rəisinin Təbriz səfərindən ciddi gözləntilərinin olmadığını deyən Türkər Türk Ədəbiyyatı Fondunun yaradılması ilə bağlı tələbə də toxunub:
“İlham Əliyevin türk dövlətlərinin toplantılarında söylədiyi “Güney Azərbaycan türkləri öz dillərində danışmalıdırlar, təhsil almalıdırlar, haqları qorunmalıdır” fikirləri, görünür, İranda eşidilib. İndi öz adamlarını önə verib, prezident qarşısında bu fikirləri söylətməklə milləti aldatmaq istəyirlər. Rejim o haqları bizə verməyəcək. Bunlar millətimizi ovundurmaq, yenidən etimad qazanmaq çabalarıdır. Bu olmayacaq, çat yaranıbsa, düzəlməyəcək. Yüz ildir Güney Azərbaycana heç bir yatırım etməyən, haqlarımızı tapdalayan bir rejim bir gündə gəlib bizim üçün nəsə edərmi? Qəti şəkildə yox, yenə milləti aldatmaq istəyirlər. Amma gənclərimiz oyaqdır və belə vədlərə daha uymayacaqdır”.
O, rejim ilə Güney Azərbaycan arasındakı bağın çoxdan qopduğunu bildirib:
“İran rejimi ilə Güney Azərbaycan türkləri arasında olan bağ bir neçə səbəbdən sarsılıb. Əsasən də İkinci Qarabağ savaşından sonra Güney Azərbaycan türkləri ilə rejim arasında olan çat daha da dərinləşdi. Milli fəallar və burada yaşayan Azərbaycan türkləri Azərbaycan dövlətinin tərəfində, İran isə Ermənistanın yanında dayandı. Prezident və parlament seçkilərində Güney Azərbaycan şəhərləri seçici fəallığı az olan şəhərlərdən biridir. Bu da Güney Azərbaycan türklərinin rejimdən çoxdan ayrıldığını göstərir. Son etirazlarda isə Güney Azərbaycan nəinki rejimdən, ümumiyyətlə İrandan qırıldığını nümayiş etdirdi. Əgər bir ayaqlanma və etirazlar olacaqsa bu, İran üçün deyil, Azərbaycan üçün olacaq. Etirazlar yalnız öz milli mənfəətlərimiz naminə baş tutacaq. Rejimi bunu bilir”.