Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası əsas prioritet olmasına baxmayaraq, digər regionların da tarazlı inkişaf etdirilməsi Prezident İlham Əliyevin apardığı siyasətin tərkib hissəsi olaraq qalmaqdadır.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov bildirib. O qeyd edib ki, ölkədə belə geniş quruculuq-abadlıq işlərinin aparılması ilk növbədə düzgün istiqamətlənmiş siyasi iqtisadi kurs sayəsində meydana gəlmiş güclü iqtisadi potensialla bağlıdır.
“Çünki, əsasən müharibə aparmış ölkələrin özünə gəlməsi, yenidən iqtisadi güc qazanması üçün müəyyən bir dövrə ehtiyac yaranır. Ona görə ki, müharibə böyük xərc tələb edir və müharibə aparılan hər bir gün böyük məsrəflər tələb edir. Müharibədən sonra isə ilk növbədə itirilmiş hərbi gücün bərpası da əsas prioritetlərin sırasındadır.
Azərbaycan XXI əsrin müharibəsini apararaq 44 gündə tarixi qələbəyə imza atdı və müharibədən dərhal sonra yeni silahların alınması, ordunun döyüş qabiliyyətini artıran hərbi təlimlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunmuş ordumuz üçün yeni hərbi hissələrin tikilməsi sürətlə aparılır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müasir konsepsiyalara uyğun yeni yaşayışın təmini üçün böyük meqalayihələr icra olunur. Paralel olaraq digər regionlarada da heç bir layihə təxirə salınmır və cənab Prezident regionlara səfərlər edərək yeni layihələrin açılışlarını həyata keçirir, görüləcək işlərlə bağlı tapşırıqlarını verir” – deyə, deputat bildirib.
O qeyd edib ki, regionların yenidənqurma və abadlıq işlərində müasirlik insanlara yaşayışlarını və həyatlarını rahat qurmasına, müasir şəraitdə yüksək təhsil almasına imkan verir.
“Regionlarda bütün sosial infrastruktur yenidən qurulur, səhiyyə, təhsil, mədəni, tarixi, dini ocaqlara yenidən ruh verilir. Son 18 ildə cənab Prezidentin rəhbərliyi və tapşırıqları ilə görülən işlər ölkəmizin simasını dəyişmişdir. Bu illər ərzində ölkəmizdə yeni Azərbaycan qurulmuşdur. 18 il əvvəlki videoçəkilişlərə baxanda və bugünkü Azərbaycanla müqayisə edəndə görürsən ki, biz nə qədər böyük bir inkişaf yolunu qət etmişik.
Ölkəmizdə bu qısa zaman kəsiyində görülən işləri bir çox ölkələr 100 illər ərzində icra edə bilməmişdir. Heç uzağa getmədən bizim vaxtilə qüdrətli saydığımız sovet Azərbaycanı ilə müstəqil Azərbaycanı müqayisə etmək kifayətdir. Sövet döründə yaşadığımız 70 ildə yaşayışımızı müasirliyə qovuşduran belə yüksək inkişafa nail ola bilmədik. Ona görə ki, ölkəmiz azad deyildi. Bu gün isə Azərbaycan azaddır, bütövdür və Liderimiz İlham Əliyevin uzaqgörən siyasəti və güclü siyasi iradəsi Azərbaycanı həm qalib etdi, həm də sürətli inkişafa qovuşdurur” – deyə, A.Badamov bildirib.