Vergi Məcəlləsinə fiziki şəxslər tərəfindən regionlarda yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin satışı üzrə vergi yükünün azaldılması təklif edilir.
Dövlət Vergi Xidmətindən AzerTimes-a verilən məlumata görə, hazırda fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələri, habelə torpaq sahəsi satılarkən həmin daşınmaz əmlakın sahəsinin hər kvadratmetrinə verginin baza məbləği binalar üzrə 15 manat, torpaq sahələri üzrə (kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) isə 0,5 manat olmaqla daşınmaz əmlakın yerləşdiyi zonadan asılı olaraq müvafiq əmsallar tətbiq edilməklə vergi öhdəliyi hesablanır.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinə əsasən, ucqar yerlərdə yaşayan vətəndaşların bu əməliyyatları üzrə vergi öhdəliyini azaltmaq məqsədilə həmin zonalar üzrə verginin baza məbləğinə tətbiq edilən zona əmsalı 0,5-dən 0,3-ə endirilməsi nəzərdə tutulur ki, bununla da regionlarda fiziki şəxslərin mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin məbləği azalacaq.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Qanun layihəsi ilə bağlı müzakirələr davam edir.