Regionlarda məişət zorakılığının qurbanları üçün sığınacaqlar təşkil olunacaq

Xəbər - Çingiz Səfərli – Trend:

Gələcəkdə regionlarda məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni sığınacaqların təşkili nəzərdə tutulur.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.

Məlumatda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Müəssisədə məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi də mövcuddur.

Ötən ay açılışı olan və 30 nəfər üçün nəzərdə tutulan şöbədə məişət zorakılığından zərər çəkmiş şəxslərə sığınacaqla təmin olunmaqla bərabər, psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstəriləcək.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılacaq. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görüləcək.

Burada sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Şöbədə sosial işçilər, hüquq məsləhətçisi, psixoloq, sosial pedaqoq, tibb bacısı və nəzarətçilər çalışacaq.

Twitter:@cingizsafarli

Teqlər: