Regionda yaranan yeni mənzərənin əsaslarından biri də Azərbaycan və Türkiyə strateji münasibətləridir

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının
keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Xalqlarımız bu mötəbər
fetivalı qürurla izlədi. Qardaş ölkələrin qırıcıları Bakı
səmasından xalqımıza fəxarət hissi yaşatdı, düşmənə isə ciddi mesaj
verdi. Festival bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin
birliyini, hər iki ölkənin gücünü göstərdi. Son bir neçə ildə iki
qardaş ölkənin birgə iştirakı ilə dünyaya səs salan bir neçə
layihələr keçirilib. Bunların hər biri Azərbaycan-Türkiyə
birliyinə, eyni zamanda gücümüzün nümayiş edilməsinə fokuslanıb.
Regionda yaranan yeni mənzərənin əsaslarından biri də Azərbaycan və
Türkiyə strateji münasibətləridir. Qardaş Türkiyənin hər zaman
yanımızda olması isə gücümüzə güc qatıb.

Mayın 28-də Azərbaycan və Türkiyə Prezidentlərinin “TEKNOFEST
Azərbaycan”da iştirakı, onların səsləndirdiyi fikirlər və digər
hadisələr mühüm xarakter daşıyır və kifayət qədər yaddaqalan oldu.
Qardaş dövlətlərin başçıları çıxışlarında xalqımızın böyük marağına
səbəb olan mövzulara toxunmuş, Azərbaycan-Türkiyə qardaşlığını bir
daha yüksək səviyyədə bəyan etmiş, bütün dünyaya ciddi mesajlar
vermişlər. Prezidentlərin toxunduğu məsələlərə diqqət çəkəndə
festivalın həm də rəmzi mənası aydın şəkildə hiss olunur.

Prezident İlham Əliyev və qardaş Türkiyənin Pezidenti Rəcəb
Tayyib Ərdoğan çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 104 illiyi, böyük tarixə söykənən qardaşlıq,
diplomatik əlaqələrimizin 30 illik yubileyi, müttəfiqlik zirvəsi,
Qarabağ Zəfəri, sülh və dayanıqlı sabitliyin təmin olunması və
digər bir sıra məsələlərlə bağlı fikir bildirdilər. Düşünürəm ki,
onların toxunduğu bu nüansları ciddi tapşırıq kimi analiz etməli,
icrası üçün var gücümüzlə çalışmalı və bütün bunların öhdəsindən
gəlməliyik. Nə qədər ki, Azərbaycan-Türkiyə birliyi davam edəcək,
durmadan birgə inkişafa nail olacağıq. Bu birlik hər zaman özünü
göstərəcək. Çünki, “Bir millət, İki dövlət” prinsipini üstün tutan
xalqlarımız arasında kifayət qədər mənəvi bağlılıq var.

Festivalda baş verən əsas hadisələrdən biri də dünyaşöhrətli
alim, Nobel mükafatı laureatı Əziz Səncər və “Bayraktar” PUA-ların
ixtiraçısı Selçuk Bayraktarın iştirakı idi. Cənab Prezident də türk
dünyasının böyük oğullarının Azərbaycanda bir araya gəlməsini
əlamətdar hadisə adlandırdı. Onların nümunəvi çıxışları yeniyetmə
və gənclərimizdə böyük marağa səbəb oldu.

Prezident İlham Əliyevin də dediyi kimi, “TEKNOFEST” elm,
inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, yaxın gələcəkdə
ölkəmizdən də dünya elminə, texnologiyasına yeni-yeni ixtiralar
təqdim edən gəncərimiz çıxacaq.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin
İsmayılov

Teqlər: