Regionda uzunmüddətli sülh və sabitliyin təmini post-pandemiya dövründə çox zəruridir – MM Sədri

Regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması
post-pandemiya dövründə bərpa məsələləri üçün zəruri şərtlərdən
biridir. Mən sizlərə hazırda bu istiqamətdə gedən proseslər haqda
məlumat vermək istərdim.

AzerTimes-ın məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü
Ümumi Konfransında Milli Məclisin (MM) sədri Sahibə Qafarova
deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. “44 günlük
Vətən müharibəsinin yekununda ölkəmiz tarixi zəfər əldə edərək öz
ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam
və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını
özü təmin etmişdir”, – deyə o bildirib.

S.Qafarova vurğulayıb ki, işğal dövründə Ermənistan bütün kənd
və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini
abidələrimizi vandalizmə məruz qoyub.

“Məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub.
Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz
vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə
start verib. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur
yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və
Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu
ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri
qaytarılmasına başlanacaqdır.

Onu da qeyd etmək istərdim ki, həyata keçirilən işlərə ən böyük
maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda
basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən
etibarən, mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və
hərbçi həlak olmuş və yaralanmışdır. Azərbaycan dünyanın ən çox
minalanmış ölkələrindən biri olsa da, təəssüf ki, hələ də bu
istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq
qalır”, – deyə S.Qafarova vurğulayıb.

Spiker bildirib ki, 44 günlük Vətən müharibəsindən artıq bir il
yarım vaxt keçir. Azərbaycan Ermənistana bir-birinin suverenliyi və
ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası
və demarkasiyası prosesinə başlanması, regionda bütün
kommunikasiyaların bərpası və münasibətlərin normallaşdırılmasına
gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif
verib.

“Biz müharibə yox, sülh və gələcək haqqında danışmaq istəyirik.
Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması
istiqamətində səylərini davam etdirir. Son olaraq aprelin 6-da
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və
iştirakı ilə Brüsseldə daha bir üçtərəfli görüş keçirilmişdir.
Həmin ərəfədə və xüsusən, bu görüşdən sonra Ermənistan Azərbaycanın
sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bəyan
etmişdir. Ancaq Ermənistanın bu istiqamətdə hansısa real addımlar
atdığı hələlik müşahidə olunmur. Halbuki, sülh müqaviləsinin
hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə
arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə
Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilmişdir.
Azərbaycan sülh danışıqlarına başlamağa da hazırdır.

Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd
olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına
getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın
yeganə yoludur.

Qeyd etməliyəm ki, post münaqişə dövründə Cənubi Qafqazda yeni
reallıqlar və yeni əməkdaşlıq imkanları yaranmışdır. Əldə olunmuş
razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu
olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli
hissəsinə çevriləcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan
bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar”, – deyə spiker
əlavə edib.

Teqlər: