Regionda Azərbaycanın lider rolunu qəbul edə bilməyən dairələr ölkəmizdəki milli birlikdən dərin narahatlıq keçirilər – Elçin Mirzəbəyli

Xəbər - Elçin Mehdiyev – Trend:

Müzəffər Ordumuzun işğalçı üzərində Qələbəsinin ildönümü yaxınlaşdıca, üzərimizə yürüməyə, regiondakı vəziyyəti gərginləşdirməyə, sülhün, təhlükəsizliyin təmin olunmasına maneə yaratmağa çalışanların sayı durmadan artır. Daha doğrusu, pusquda dayanan maraq ovçuları iyrənc niyyətlərini gerçəkləşdimək üçün sağa-sola vurnuxaraq, zəif nöqtəmizi tapmağa, canımız, qanımız bahasına bərqərar etdiyimiz ədaləti yenidən edam kötüyünə daşımağa cəhd göstərirlər.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bu xüsusda nəzərə çarpan, əslində işartıları hər zaman görülən, lakin qələbəmizdən sonra daha qabarıq şəkildə göz önünə sərgilənən “yenilik” regionda və subregionda maraq savaşı aparan qüvvələrin postmünaqişə reallıqlarına münasibətdə aşırı əsəbilik nümayiş etdirmələridir:

“Sülhdən, əminamanlıqdan dəm vuran, uzunmüddətli və uğursuz vasitəçilik missiyası həyata keçirən, yaxud klassik Şərq hiyləgərliyi ilə, riyakarcasına, yeri gəldi-gəlmədi “vasitəçilik”dən dəm vurub işğalın davam etməsi üçün əlindən gələni əsirgəməyən, xəyanətin dibinə varanların əsəbləri tarıma çəkilib və birbaşa siyasi nevrozdan şizofreniyanın ən son həddinə adlamaqdadırlar.

Təbii ki, bu məqamda ortalığa ənənəvi bir sual çıxır: Nə üçün? Cavab isə sualın özü qədər sadədir. Çünki Azərbaycanı daim məğlub durumda görmək, bundan yararlanmaqla öz şərtlərini diqtə etmək, Azərbaycanla Ermənistan arasında ziddiyyətləri, barışmazlığı, münaqişəli vəziyyəti qoruyub saxlamaqla, stimullaşdırmaqla bölgənin daim kənar müdaxiləyə açıq durumda olmasını təmin etmək istəyirlər.

Mövcud reallıqlar çərçivəsində ayrı-ayrı qütbləri qane etməyən səbəblərdən biri, nə qədər paradoksal görünsə də, Azərbaycanın qələbəsi sayəsində Ermənistanın da regionda münaqişə yaradan aktor rolundan xilas olmasıdır. Mahiyyət etibarilə, hazırda Azərbaycana qarşı gerçəkləşdirildiyi təəssüratını yaradan çeşidli qarayaxma kampaniyalarının hədəfində isə bütövlükdə Cənubi Qafqaz və bölgənin münaqişələrdən uzaq gələcəyi dayanır”.

E.Mirzəbəyli vurğulayıb ki, artıq bir ilə yaxındır ki, müharibə başa çatıb, işğala və münaqişəyə son qoyulub, amma bir sıra Qərb dairələri bu reallıqla barışmaq istəmirlər:

“Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, bir milyona yaxın insanın fundamental hüquqlarının pozulmasına, kütləvi qətliam və soyqırım aktlarına göz yumanların bu gün hətta qəbul etmədiyi postmünaqişə dövründə belə regionda cərəyan edəcək proseslərdə yer almağa heç bir mənəvi haqqı yoxdur”.

Elçin Mirzəbəyli qeyd edib ki, Cənubi Qafqazda Azərbaycanın lider rolunu qəbul edə bilməyən dairələr tarixi Qələbəmizdən sonra daha da möhkəmlənmiş, sarsılmaz milli birlikdən dərin narahatlıq keçirilər: “Ölkəmizə qarşı aparılan kampaniyaların məqsədi məhz bu möhtəşəm birliyə zərbə vurmaq, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır.

Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. 30 ilə yaxın bir müddət ərzində işğalçını dəstəkləyən, işğala məruz qalana qarşı isə çirkli kampaniyalar aparmaqla onun beynəlxalq nüfuzuna zərbə vurmağa çalışan dairələr, eyni siyasətlərini daha aqressiv formada davam edirlər.

Aqressiyanın isə səbəbi Azərbaycanın müharibədən qalib çıxması, daha da güclənməsi və bölgədə kənar qüvvələrin müdaxilə edə bilməyəcəyi reallıqlar yaratmasıdır. İndi bu dairələrin əlində “beşinci kalon”a Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ötürəcəkləri heç bir tezis qalmadığı üçün qondarma problemlər yaradır və bu “problemlərin” beynəlxalq müstəvidə müzakirəsinə naul olmaq istəyirlər. Şübhəsiz ki, Azərbaycan vətəndaşları hər zaman olduğu kimi baş verənlərin fərqindədirlər”.

Twitter: @ElchinMehdiyev

Teqlər: