Region ölkələrində “Delta” ştammının geniş yayılması bizim üçün siqnal olmalıdır

Xəbər - Çingiz Səfərli – Trend:

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda son aylarda koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin yumşaldılması yoluxmaların sayında ciddi artımlara gətirib çıxarıb.

AzerTimes xəbər verir ki, son 2 həftədə yoluxma sayı ötən dövrlə müqayisədə 5 dəfəyə yaxın artıb. Oxşar tendensiya qonşu ölkələrdə də müşahidə edilir.

Belə ki, Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idisə, indi 22-25 min təşkil edir.

Gürcüstanda isə son sutkada 3344 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib. Rusiyada təkcə paytaxt Moskvada son 24 saatda yoluxanların sayında 20 faizlik artım qeydə alınıb.

İranda da yoluxma sayında son vaxtların maksimum göstəricisi qeydə alınıb. Belə ki, gündəlik yoluxma sayı 40 mini ötüb.

Buna təbii ki, son dövrlərdə daha yoluxucu qabiliyyətə malik “Delta” ştammının yayılması da öz təsirini göstərir. Yeni növün region ölkələrində geniş yayılması Azərbaycan əhalisi üçün də siqnal olmalıdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da epidemiyanın sürətlə yayılması və əvvəlki sərt karantin dövrünə qayıda biləcəyimiz barədə xəbərdarlıq edir. Bununla mübarizənin ən effektiv variantının vaksinasiya olduğu bildirilir. Həmçinin koronavirusun müxtəlif ölkələrdə mutasiyaya məruz qalmış yeni variantlarının ortaya çıxacağı da istisna edilmir. Bununla mübarizədə birgə fəaliyyətin aparılması, insanların karantin qaydalarının tələblərinə riayət etmələri, sosial məsafə qaydalarını gözləmələri, maska və digər qoruyucu vasitələrdən istifadənin vacibliyi vurğulanır.

Twitter:@cingizsafarli

Teqlər: