Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı,
həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən zərərçəkmiş Təranə Fətəliyeva
bildirib ki, mərhum R.Cəbrayılovla uzaq qohumluq əlaqələri olub: “Bunların ailəsinin həkimi olmuşam. Uşaqlarının dünyaya
gətirilməsində həkim olmuşam. Rafael müəllim dedi ki, bina tikirik.
Biz ilk evimizi də onlardan almışıq. Digər evimiz var idi, onu
satıb ilk olaraq 30 min, daha sonra 20 min manatı Elşənə verdim.
2016-cı ildə də Rafael mənə dedi ki, bina tikirik və istəsən, 1-ci
mərtəbədə olan evləri sizə münasib qiymətə verərəm. Biz də ailə
olaraq yığışıb 300 min dollar Rafael Cəbrayılova verdik. Binanın
tikintisi ilə bağlı vəziyyəti soruşduqda dedi ki, səbirli olun,
bina qaçqınlar üçün tikilir deyə tələssəniz, bir az problem olar.
Artıq 2 il keçdi, atam soruşdu ki, bina tikilmədi? Həmin ünvana
gedəndə gördük ki, bizə verəcəyi evlərdə artıq başqa adamlar qalır.
Bunu ondan soruşanda dedi ki, qaçqınlar üçün tikilib, onlar
müvəqqətidir. Artıq əmin olduq ki, o, bizi aldadır”.
Zərərçəkmiş şəxs onu da bildirib ki, tanışı Xatirə Nəcəfova adlı
şəxs də Rafael Cəbrayılovun tikdirdiyi binadan 2 ev alıb: “Xatirə
yoldaşı ilə birgə R.Cəbrayılovdan ayrı- ayrılıqda 45 min manat,
ümumilikdə 90 min manat verərək 2 ev aldılar. Bir müddət sonra
Rafael dedi ki, o evlərdən imtina et, üstünü də düzəlt, sənə təzə
tikdirəcəyim binadan 3 ev verəcəm. Xatirəgil də razılaşdı. Bu
səbəbdən onlar Nəsimi rayonu 28 mayda yerləşən evlərini satıb 110
min manatı da 90 min manatın üstünə qoyub 200 min manatı Rafael
Cəbrayılova verdilər”.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O bildirib ki, Rafael
Cəbrayılov 178.3.2 və 308.3 maddələri ilə təqsirli bilinsin və
ölməsi ilə bağlı cəza təyin edilməsin.
Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı
olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə
edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
aparılan ibtidai istintaq zamanı R.Cəbrayılovun həmin vəzifədə
olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər
sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə
küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının
dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində
köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu
barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240
min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf
etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına
əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə R.Cəbrayılovun deputatların
fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin
tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz
qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan
sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə
edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla
dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Cəbrayılov 2021-ci ilin sentyabr ayında
Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını
dəyişib.