Rəcəb Tayyib Ərdoğanın Şuşaya tarixi səfəri iki qardaş ölkənin əməkdaşlığını yeni mərhələyə çıxaracaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri iki qardaş ölkə arasında münasibətləri yeni mərhələyə çıxaraq və daha da möhkəmləndirəcək. Bu səfərin həm böyük siyasi, həm də mənəvi əhəmiyyəti var.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Türkiyə Prezidentinin ölkəmizə budəfəki səfərini tarixi səfər adlandırmaq olar: “Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısı oldu. Bu, eyni zamanda, Türkiyə və Azərbaycanın qardaşlığının nə qədər möhkəm təməllər üzərində olduğunu göstərir. Bu, sözün əsl mənasında tarixi bir hadisədir. Rəsmi qarşılanma mərasimin isə Şuşada keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, Şuşa şəhərində ilk dövlət başçısının rəsmi qarşılanma mərasimidir. Bu, həmçinin Şuşanın Azərbaycan üçün, türk dünyası üçün nə qədər əhəmiyyətli bir şəhər olduğunu göstərir.

Cənab Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, Qarabağ, Şuşa, bütün işğaldan azad edilən ərazilərimiz dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, həmçinin ondan xəbər verir ki, Türkiyə ilə Azərbaycan bu ərazilərin yenidən qurulmasında sıx əməkdaşlıq edəcəklər.

Səfər çərçivəsində imzalanan sənədlərdə işğaldan azad edilmiş ərazilərlə bağlı əməkdaşlıq məsələsi də öz əksini tapıb. Ümumilikdə isə yeni sənədlərin imzalanması iki qardaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Hesab edirəm ki, bu səfər iki qardaş ölkə arasında əməkdaşlığı tamamilə yeni bir müstəviyə çıxaracaq”.

Deputat bildirib ki, bu səfər eyni zamanda regionun təhlükəsizliyi və sabitliyi üçün vacib əhəmiyyət kəsb edir: “Bu gün Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, eyni zamanda regionda uzunmüddətli sülhə və təhlükəsizliyə, yeni əməkdaşlıq mühitinin yaradılmasına yönəlib. Bu baxımdan, bugünki səfər regionun gələcək inkişafı, sülhün və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni imkanlar açır”.

Teqlər: