Xəbər - İlhamə İsabalayeva – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki reabilitasiya müəssisələrinin idarəedilməsi üçün alt sistem hazırlayıb.
Bunu AzerTimes-a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.
Departament direktoru əlavə edib ki, hazırda test rejimində fəaliyyət göstərən sistem sınaqdan keçdikdən sonra bütün reabilitasiya müəssisələrində tətbiq olunacaq.
Ç.Hacıyev bildirib ki, reabilitasiya müəssisələrindəki tibbi, psixoloji reabilitasiya ilə bağlı bütün məlumatlar bu sistemdə öz əksini tapacaq.
“Sistem fəaliyyətə başladıqdan sonra reabilitasiya müəssisəsində baş verən proseslərin qeydiyyatı orada aparılacaq. Xəstənin növbəyə yazılması, müəssisəyə daxil olması, həkimin qəbulunda olması, müayinələrinin nəticələri, prosedurların tətbiqi, dərman təyinatı və s. – bütün bunlar sistemdə qeyd ediləcək. Əvvəllər bunların hamısı xəstəlik tarixlərində yazılırdı. Xəstəyə hər hansı məlumat lazım olduqda gərək bütün xəstəlik tarixçilərinə baxılsın. Elekron sistemdə isə bütün məlumatları avtomatik əldə etməyə imkan verəcək. Bu, bizim hesabatlılığımızı artıracaq”.