Reabilitasiya mərkəzlərində 7 min əlil şəxsə xidmətlər göstərilib

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya
mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər
göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, onlar
effektiv təsirə malik fizioterapevtik müalicə prosedurlarına cəlb
edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə
əhatə olunublar.

Həmin dövrdə Agentlik əlilliyi olan şəxsləri 13,1 min
reabilitasiya vasitəsi ilə də təmin edib.

Müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatı
sahəsində 2020-ci ilin dekabr ayından başlanan işlər cari ilin ilk
rübündə də davam edib. Ümumilikdə həmin vaxtdan 270 nəfər müharibə
əlili (o cümlədən 44 günlük Vətən müharibəsində yaralanmış 200-dək
hərbçi) 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə
təmin edilib.

Bu ilin ilk rübündə əlilliyi olan şəxslərə arzu etdikləri
tarixdə reabilitasiya xidmətlərindən yararlanmaq üçün qeydiyyata
alınmaq imkanı – “Elektron rezervasiya” sistemi yaradılıb. Artıq
3,8 minə yaxın şəxs bu sistemdən faydalanıb.

Teqlər: