Xəbər - Fərid Zöhrabov – Trend:
Novruz tətili ilə əlaqədar rayonlardakı hotellərdə yerlərin 70
faizi dolub.
Bunu AzerTimes-a Azərbaycan
Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri,
Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir
Dübəndi deyib.
Pandemiyaya görə xarici ölkələrə gediş-gəliş məhdudiyyəti olduğu
üçün, vətəndaşlarımız Novruz tətilini daha çox ölkə daxilində
keçirməyə üstünlük verəcək.
“Turistik cəhətdən formalaşmış, infrastrukturu olan bölgələrə
tələbat daha çox olur. Amma digər regionlarımızda da canlanma
müşahidə edilir. Bəzən görürük ki, hotellərdə düzgün qiymət
siyasəti aparılmır. Bəzi beş ulduzlu hotellərdə gündə üç dəfə yemək
verilməklə günü 400 manatdır. Bu da üç-dörd gün ərzində xeyli
vəsait edir. Bu səbəbdən regionlarda yerləşən bəzi hotellər
qiymətləri vətəndaşların imkanına uyğun etsələr, yaxşı olar.
Bu günə olan məlumata görə, 21-24 mart tarixlərinə yerlərin
artıq 70 faizi bron edilib. Hotelləri bron edənlərin 7 faizi xarici
vətəndaşlardır. Xarici vətəndaşlar arasında üstünlüyü ərəb
ölkələrindən gələnlər təşkil edir. Sərhədlərin bağlı olması xarici
turistlərin sayına mənfi təsir göstərir. Bununla yanaşı regionda
baş verən müharibə də turizmə mənfi təsir edir,” – deyə S.Dübəndi
bildirib.