Ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən
respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara
keçməsi avtomobil yollarında bir sıra çətinliklər yaradıb.
Bu barədə AzerTimes-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat
verilib.
Məlumatda bildirilir ki, respublika əhəmiyyətli
Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də
Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi
avtomobil yollarında qarın yaratdığı fəsadların aradan qaldırılması
üçün dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul
Xidməti Alayının əməkdaşları cəlb edilib.
“Aidiyyəti taqımların əməkdaşları yol təsərrüfatı işçiləri ilə
birgə gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb
etməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görüb, sürüşmə
səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib.
Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və
yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində
tədbirlər davam edir.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana
gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının
alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına,
xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri
görməyi xahiş edir”,-məlumatda qeyd edilib.