Rayonlara gedən avtobuslarda qiymətlər artacaqmı?

Yanvarın dördündə Tarif Şurasının keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün bir manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün 0.8 manat müəyyən edilib.

Benzinlə işləyən nəqliyyat vasitələrinin böyük əksəriyyəti şəxsi avtomobillərdir. Belə olan halda yanacağın qiymətinin artması əsasən insanları daha çox ictimai nəqliyyatdan istifadəyə təşviq edəcək.

Bəs yanacağın qiymətinin artırılması məsələsi rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymət artımına səbəb ola bilərmi?

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bu istehlak bazarında xüsusi qiymət artımına səbəb olmayacaq:

“Dizel yanacağının qiymətinin artmasının bu sahədə – sərnişindaşıma ilə məşğul olan avtobusların sahiblərinə ola biləcək hər hansı bir təsirinin qarşısını almaq üçün hökümət yanvar ayına qədər müvafiq kompensasiyalar nəzərdə tutur.

Hökümət bu kompensasiyaların hansı formada verilməsi barədə məlumat verəcək. Yəni burada qiymət artımından söhbət gedə bilməz. Çünki sözügedən istiqamətdə qiymətlərin artırılması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Tarif Şurasına müraciət olunmalıdır. Biz isə belə bir müraciət etməmişik. Ümumiyyətlə bu istiqamətdə hər hansı müraciət gündəmdə deyil”.

www.yenicag.az