Rayonlara az bal toplayan müəllimlərin göndərilməsi vəziyyəti pisləşdirə bilər – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlərin işə qəbulunda əsas problemlərdən biri rayonlara getmək istəyən müəllimlərin sayının az olmasıdır.

Bunu AzerTimes-a açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, imtahanlarda yüksək bal toplamış müəllimlərin Bakıda qalıb, az bal toplayanların rayonlara göndərilməsi də məsələnin problemli tərəfidir:

“Rayonlarda təhsilin səviyyəsi onsuz da aşağıdır. Bir tərəfdən də zəif müəllimlərin göndərilməsi bu vəziyyəti daha da pisləşdirə bilər. Bu istiqamətdə ciddi işlər görülməlidir. Güman edirəm ki, Təhsil Nazirliyi düşünüb, bunun ədalətli həllini tapacaq”.

Ekspert vakant yerlərin sayı ilə müqayisədə namizədlərin sayının qat-qat artıq olması və bu səbəbdən də çox sayda müəllimin işsiz qalmasına baxmayaraq, ali təhsil müəssisələrində növbəti illərdə müəllimlik ixtisası üzrə yerlərin sayının azaldılmasını isə düzgün addım hesab etmədiyini bildirib:

“Müəllim ixtisası üzrə universitetlərdə qəbul yerlərini azaltmaq olmaz. Ona görə ki, seçim hüququ var. İş tapana qədər heç olmasa qoy bizim gənclərimiz ali təhsilli olsunlar. Fikrimcə, Azərbaycanın bütün ağıllı gəncləri ali məktəblərdən keçməlidir. Bu gün 100 attestat alan gəncimizdən 10-u xarici ölkələrə gedir və təəssüf ki, çoxu geri qayıtmır. Məktəbi bitirən hər 100 şagirdin 10-unun isə ali məktəb proqramını mənimsəmə potensialı yoxdur. Yerdə qalan 80 nəfərin 10-15-i kolleclərdə təhsil alır, 65 nəfərin də hər biri mənim fikrimcə ali təhsilli olmalıdır. Ali təhsil düşüncə, dünyagörüş, gələcəyi görmək deməkdir. Hətta mən ali məktəblərdə yerlərin sayının artırılmasının tərəfdarıyam. Yerlərin azaldılması milli baxımdan çox zərərli addım olar”.

Twitter:@cingizsafarli

Teqlər: