Prezident İlham Əliyev Rauf Hacıyevin 100 illik yubileyinin qeyd
edilməsi haqqında Sərəncam imzalayıb.
2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq
artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi
tamam olur.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar
kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer
tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən
simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu
səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət
qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun
vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur
ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının
inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii
keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün
bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf
Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və
səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı
tədbirlər planı hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll
etmək tapşırılıb.