Rasmussen Bakını niyə hədəf alıb? – Qərbin sifarişi

Rasmussen Bakını niyə hədəf alıb? – Qərbin sifarişi

Üç gün öncə, Avroparlamentdə son iki ildə 7-ci dəfə gündəliyə çıxarılan Ermənistan-Azərbaycan məsələsi avrokomissar Jozef Borrellə deputatların təzyiqindən sonra bir cümləlik antiazərbaycan bəyanatı ilə yekunlaşdı. Bədnam Fransua Bellami və Almaniya, Niderland, Fransa, Malta, Kiprdən olan həmkarları ölkəmiz əleyhinə birləşib. Sessiyada ölkəmizə sanksiyaların tətbiqi, Xankəndi ermənilərinə maliyyə və hərbi yardım, beynəlxalq təhlükəsizlik missiyasının bölgəyə göndərilməsi xüsusi vurğulanıb. Göründüyü kimi, 44 günlük müharibənin qəfil baş verməsiylə Qərb özünü məğlub sayır, bölgədən çıxarılmasıyla barışmır və hər vəchlə geri dönməyə can atır.

AzerTimes xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc qeyd edib.

Millət vəkili bildirib ki, Avroparlamentdə Laçın yolunu gündəmə çıxaranlar 10 noyabr sənədini tanımadıqları halda 6-cı bənddən – Rusiya sülhməramlılarının məntəqəni qorumadığından danışaraq özlərini ifşa edib:

“Bəli, 30 il o yolu icazəsiz keçənlərin qarşısına indi sədd çəkilib. Beləliklə, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin planlarına zərbə vurub. Jozef Borrell 51 dövlətin 100 milyard dollardan artıq yardım etdiyi Ukraynanın antirusiya koalisiyasına Azərbaycanı da qoşmaq istəyir. Plan Ukrayna müharibəsini Qafqazlara qədər uzadıb Rusiya ordusunu bir neçə cəbhəyə parçalamaqdır. Bir əsr əvvəl boşevik inqilabı olmasaydı, indi Vudro Vilsonun və Almaniya-Britaniyanın qüvvələri bölgəmizdə hökmranlıq edirdi. Ssenari eynidir: onlar NATO qüvvələrini Gümrüyə gətirmək istəyirlər.

Bu ilin martında NATO-nun keçmiş baş katibi Foq Rasmussenin əvvəlcə Cermuka gəlib Azərbaycanın “hərbi hücumu”nu pisləməsi, ardınca Laçın sərhəd məntəqəsinə yaxınlaşıb görüntülər paylaşması, Qarabağda erməni əhalisinin “humanitar böhran”ını qabartması Ermənistana casus missiyasi göndərən NATO-nun, onun əsas yönləndiricisi Amerikanın birbaşa sifarişiydi. Ağdama, Ağdərəyə bir dəfə də olsun gəlməyən keçmiş baş katib indi ölkəmizə sistemli hücumlar edir. İrəvandan, o cümlədən Xankəndidən rus hərbi birləşmələrini çıxarıb Avroatlantik Alyansın qoşunlarını yerləşdirmək istəyənlərin sözünü deyir”.

Millət vəkilinin sözlərinə görə, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var:

“USAİD, UNİSEF, UNESKO və digər humanitar təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti agentura şəbəkəsinə çevrilib. Onların Qarabağa gələn missiyası hərbi-kəşfiyyat planları həyata keçirirlər.

Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğullarıyla Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırkı iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar!”

Teqlər: