Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadəsini davam etdirən şahid, Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayev bildirib ki, D.Əliyeva 141 və 145 saylı binalar barəsində məlumatı olmayıb: “Həmin binalar ilə bağlı razılaşma alınmasından xəbərim olmayıb. Mən sərəncam alandan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının tapşırıqlarını icra etmişəm. Mən yalnız layihələrə baxmışam, söküntü işləri mənlik deyildi. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərliyi mən həyata keçirirdim. Mən yalnız layihələrə baxmışam. Başqa işlərə başqa şöbələr nəzarət edirdi. Mən icraçıyam. Başqa işlər mənlik deyildi”.
Şahid deyib ki, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan 1ay sonra memarlıq idarəsi Dövıət Arxitektura və Şəhərsalma Komitəsinə verilib: ” Dedilər ki, həmin müddətdə rəhbərlik Rasim Quliyevə verilib”.
Rasim Quliyev isə bildirib ki, həmin vaxt Memarlıq və Şəhərsalma Baş İdarəsinə Akif Abdullayev rəhbərlik edirdi: “Mən heç vaxt Baş idarəyə rəhbərlik etməmişəm. Akif Abdullayev desin ki, kimə tabe idi”.
Şahid qeyd edib ki, Rasim Quliyevin tikinti ilə bağlı imzaladığı sərəncam imzalaması yadımda deyil: “Sərəncam imzalananda mənə məsləhət eləmirdilər. Dilarə Əliyeva 145 ünvanında eskiz layihəsində və layihədə çatışmazlıqlar var idi. Mərtəbə hündürlüyü, sıxlıqla bağlı çatışmazlıqlar var idi”.
Sualları cavablandıran Akif Abdullayev deyib ki, aşkar olunan çatışmazlıqlarla bağlı aidiyyəti qurumlara məlumat verib: “Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı gəlib araşdırdı və problem qismən aradan qaldırıldı. Sonra layihə qəbul olundu. Bütün sənədlər Memarlıq şöbəsinə göndərilirdi, mən də təsdiqləyirdim. Layihəni təsdiqləyib Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim edirdim. Məndən soruşsaydılar, layihədəki problem nədir, mən problemi deyirdim, soruşmasaydı, iradları demirdim. Mən hansısa işə irad bildirə bilmirdim”.
A.Abdullayev əlavə edib ki, layihə Fövqəladə Hallar Nazirliyinin Layihələndirmə İnstitutunda təsdiqlənmişdi: “Dilarə Əliyeva 145 ünvanında tarixi binanın sökülməsində məlumatım olmayıb. 2002-ci ildən Bakı şəhərinin baş memarıyam. İbtidai istintaqda Rasim Quliyevlə üzləşdirilməmişəm. 2015-ci ildə “FF 2011″ tikinti şirkətinə tikinti nişanının verilməsini bilirdim. Layihə İnstitutunun layihəsini əsaslandırması rəy deyil. Onlar əsaslandırıb Bakı şəhər İcra Hakimiyyətinə təqdim edib, başçı layihəni təsdiq edib. Hacıbala müəllim Nazirlər Kabinetinin qərarına görə layihəni razılaşdırıb təsdiqləyib, qərar verib. Bunun üçün memarın rəyi lazım deyil”.
Proses oktyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib