Rasim Quliyevin növbəti məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin suallarını cavablandıran şahid, “FF” Mənzil Tikinti Koperativinin rəhbəri Tamella İbrahimova qeyd edib ki, o Rasim Quliyevin sərəncamından əvvəl tikinti işlərinə başlayıb:

“2012-ci ildə mənə bina tikməyə icazə verilib. 2013-cü ildə Bakı şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki sakinləri köçürərək evləri sökməyə başladı. Daha sonra binanın ərazisi torlandı və tikintiyə başladıq. Amma bir müddətdən sonra şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintini saxladı. Bildirdi ki, tikinti ilə bağlı problem var, bir müddət saxlayın, müzakirələr aparırıq.
Sonra icra hakimiyyətinin adamları gəlib tikinti sahəsindəki armaturları söküb apardılar.
2015-ci ildə yenidən bizə icazə verildi və biz binanın bünövrəsini başladıq. 2017-ci ilə qədər binanın 5-ci mərtəbəsini tikib qurtarmışdıq. 2 mərtəbə zirzəmi, 3 mərtəbə də bina.
2018-ci ildə artıq 6 cı mərtəbənin tikilməsinə başladıq. 2018-ci il oktyabrın 14-də mən Türkiyəyə əməliyyata gedirdim. Noyabrın 5-də mən əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti gedirdi.
Rasim Quliyev bildirib ki, onun sərəncamı ləğv edilib. Amma ondan sonra tikinti davam etdirilib.
Tamella İbrahimova isə deyib ki, Rasim Quliyevin sərəncamı ləğv ediləndə ona bu barədə məlumat veriblər: “Mənə bu barədə məlumat verdilər. Mən bildirdim ki, o sərəncamın mənə aidiyyəti yoxdu. Mən tikintiyə Rasim Quliyevin sərəncamından əvvəl başlamışam, sərəncam ləğv ediləndən sonra da mən bir il tikinti aparmışam, heç kim də mənə heç nə deməyib. Mənim işimi pandemiyada saxladılar”.
Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.
Hakim bildirib ki, Nəsimi İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavin Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs bildirib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar bildiriblər ki, həmin bina Nəsimi rayon İcra Hakimiyyətinin balansında olmayıb.
Hakim bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Rasim Quliyev icra hakimiyyətinin birinci müavini vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Rasim Quliyev bildirib ki, ondan müavin səlahiyyətlərinin müvəqqəti icrası üçün ərizə alınıb ki etiraz etmir: “Mən vəzifə səlahiyyətlərinin müvəqqəti icrasını həyata keçirmişəm. Mən səlahiyyətləri müvəqqəti icra etmişəm. Vəzifə icrası başqadı, səlahiyyətlərin icrası başqa. Mən müavin vəzifəsini icra etsəydim, gərək mənimlə müavin kimi əmək müqaviləsi imzalanaydı. O da yoxdu. Tikimtiyə sərəncamı isə mən hazırlamamışam, memarlıq hazırlayıb gətirib, mən qol çəkmişəm”.
Proses oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.


Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Teqlər: