Rasim Məmmədovun əmlakları üzərinə həbs qoyuldu

Rasim Məmmədovun əmlakları üzərinə həbs qoyuldu

Baku Steel Company MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı bir neçə əmlakı üzərinə həbs qoyulub.

AzerTimes xəbər verir ki, bunlar Bakının Səbail rayonunda yerləşən “Bakı Oksford Məktəbi”, Mərdəkan qəsəbəsində yerləşən bağ evi, fərdi yaşayış evləri və metal zavodudur.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 70 milyon manatdır.

Qeyd edək ki, həmin əmlakların 30 milyon manatlıq hissəsi Rasim Məmmədovun qohumlarının adınadır.

Bununla bağlı maraqlı şəxslər məhkəmədə vəkillə təmsil olunur və müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyirlər. Məhkəmə isə onların istəyini qəbul etməyib. Bu, həmin əmlakların üzərinə həbs qoyulsa da, yekun qərarın olmaması ilə izah edilir.

Xatırladaq ki, Rasim Məmmədovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Baku Steel Company MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub. Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində Baku Steel Company MMC tanınıb.

Teqlər: